Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün işlər planı müzakirə edilib

18:12 23 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:06 ]


Bakı - APA. Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin 2015-ci ildə ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclası açan komitə sədri Arif Rəhimzadə 2014-cü ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat verib.

 

A. Rəhimzadə bildirib ki, 2014-cü il payız sessiyası dövründə komitənin 7 iclası keçirilib. İclaslarda 11  qanun  layihəsi  daxil olmaqla, 13 məsələ müzakirə olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb, araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib, onların  qayğı  və problemlərinin həllinə  mümkün qədər yardım  göstərilib.

 

Çıxış edən komitə üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Qalib Salahzadə, Azər Badamov komitədə qəbul edilən  qanunların  əhəmiyyətindən  danışıblar, dekabr ayında keçirilən bələdiyyə seçkilərini ötən ilin ən böyük uğur göstəricisi kimi dəyərləndiriblər.

 

Sonra iclasda 2015-ci ilin yaz sessiyası zamanı komitədə görüləcək  işlərin planı müzakirə edilib. İşlər planına 2002-ci il 15 mart tarixli qanunla təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və bir  sıra qanunlarda əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələri daxildir. İclasın sonunda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR