Bakı, 17 iyul, AZƏRTAC
İsmayıllıda “İstehlakçıların maarifləndirilməsinə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda qida təhlükəsizliyi üzrə monitorinq və istehlakçı hüquqlarının təbliğ edilməsi” layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.
Layihənin məqsədi Masallı, Lənkəran, Şamaxı və İsmayıllıda yaşayan istehlakçıların qida təhlükəsizliyinin mövcud durumunu qiymətləndirmək, bu təhlükəsizliyin qorunmasına səy göstərmək, istehlakçı hüquqlarına dair piar təbliğatı aparmaqla əhalinin istehlakçı mədəniyyətini yüksəltmək, yerli əhalinin qida təhlükəsizliyini təmin etmək və bu istiqamətdə maarifləndirməkdən ibarətdir.
Tədbirdə layihə haqqında yerli sahibkarlara geniş məlumat verilib, qida təhlükəsizliyinin mövcud problemləri barədə müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Daha sonra şəhər bazarı, “Bolluq” marketdə və quşçuluq fabrikində monitorinq keçirilib, ərzaqların yararlılıq müddəti, saxlanma şəraiti, keyfiyyəti, istehsal prosesinin incəlikləri, ehtiyac və problemlər barədə müzakirələr və qiymətləndirmələr aparılıb.
Dörd region üzrə qiymətləndirmənin nəticələri Bakıda keçiriləcək mətbuat konfransında açıqlanacaq.