Bakı, 22 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin "Həkim axtarış sistemi” xidməti "Elektron hökumət” portalına inteqrasiya edilərək vətəndaşların istifadəsinə verilib.
"Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar bu elektron xidmət vasitəsilə asanlıqla həkimlərin işlədiyi müəssisə, onların vəzifəsi, təhsili, əlaqə nömrəsi və s. barədə məlumatları əldə edə biləcəklər. Bunun üçün "Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin elektron xidmətləri arasından "Həkim axtarış sistemi” elektron xidmətini seçib həkimin adı, soyadı, ixtisası, işlədiyi şəhər və ya rayon barədə məlumatları daxil etmək lazımdı. Vətəndaşlar bu xidmətdən autentifikasiyadan keçmədən yararlana bilərlər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən 33 elektron xidmət təqdim olunub.