Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

12:37 24 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 12:18 ]


Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar

Dövlət Komissiyasının iclası keçirilib.

 

Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun və 2014-cü il 22 dekabr tarixli sərəncamlarına əsasən, Dövlət Komissiyasının tərkibində olunmuş dəyişiklikləri elan edib. Dövlət Komissiyasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarına, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məsələlərin həlli üçün daha da intensiv çalışacaqlarına əmin olduğunu bildirib.

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov, mövcud status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Bildirib ki, 2014-cü il ərzində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən törədilmiş təxribat-diversiya əməlləri bunu bir daha təsdiq edir. Ermənistanın destruktiv hərəkətləri göstərdi ki, bütün aidiyyəti dövlət strukturları kimi, Dövlət Komissiyası da səlahiyyətləri çərçivəsində cəbhədə baş verə biləcək hadisələrə operativ reaksiya verməyə hazır olmalıdır. Məlumdur ki, Ermənistanın təxribatı yalnız qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir. Terrorçuluğu və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti yeritməkdə davam edir.

 

Qeyd olunub ki, hesabat dövründə Komissiyanın beynəlxalq əlaqələri də diqqət mərkəzində saxlanılıb. Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2008-ci ildə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələri və onların saxlanması üzrə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi məqsədilə müvafiq təşkilati tədbirlər görülüb.

 

İclasda Dövlət Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov qeyd edib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanması, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadə edilməsidir. İtkinlər barədə məlumatların toplanması işi BQXK-nın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib və bütövlükdə 3677 sorğu anketi toplanıb, həmin məlumatların bazaya daxil edilməsi isə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılıb.

 

Hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi və onların saxlanması üçün zəruri işlər aparılır. Bu işin reallaşdırılması məqsədilə ən vacib məsələ toplanmış nümunələrin saxlanması üçün müasir tələblərə cavab verən laborator-mərkəzin yaradılması idi. Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, artıq həmin mərkəz Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında yaradılıb. Müasir tələblərə cavab verən tibb müəssisəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin hospitalı bu iş üçün ideal variant idi. BQXK də yaradılmış şəraiti yüksək qiymətləndirib.

 

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, Dövlət Komissiyası və onun İşçi qrupu Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixən həyata keçirilmiş cinayət əməllərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün hücum diplomatiyası taktikasına uyğun olaraq hesabat dövründə də fəaliyyətini davam etdirib, Ermənistanın Azərbaycana təcavüzü, törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının il dönümləri və 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı xarici ölkələrdə və respublikamızda keçirilmiş bir sıra tədbirlərin təşkilinə yardımçı olub və yaxından iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR