Bakı, 23 iyul, Samirə Allahverdiyeva, AZƏRTAC
İyulun 23-də Azərbaycan Cüdo Federasiyasının inzibati binasında Azərbaycan milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov görüşdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, bu qayğının təzahürü kimi, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurların sayının get-gedə artdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda idmanın inkişafında, təbliğində və kütləviliyinin artırılmasında mühüm rol oynayan kütləvi informasiya vasitələri atletlərimizin, o cümlədən cüdoçularımızın mötəbər turnirlərdə qazandıqları qələbələrin əsas müjdəçisi kimi çıxış edir.
Mətbuat nümayəndələri əlamətdar gün münasibətilə göstərilən diqqətə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda kütləvi informasiya vasitələrinin təmsilçilərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.