Bakı, 24 iyul, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans iyulun 24-də Ağstafada keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-ə yaxın istehlakçı iştirak edib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev qeyd edib ki, maarifləndirmə tədbirləri çərçivəsində 2015-ci ilin birinci yarımilliyində istehlakçı hüquqlarına dair 18 adda 52580 ədəd buklet, 6 adda 3200 ədəd yaddaş kitabçası hazırlanaraq istehlakçılara paylanılıb. Altı ayda həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 6,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilib.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
