İyulun 18-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların iştirakı ilə start götürən Avropa çempionatının “Trofi” yarışları şənbə və bazar günləri başa çatacaq. Şənbə günü qadınların, bazar günü isə kişilərin mübarizəsinə yekun vurulacaq.

Təəssüf ki, AÇ millilərimiz üçün oqədər də uğurlu alınmadı. Daha dəqiq desək, əsas məsələ finala çıxmaqla yüksək dəstəyə vəsiqə qazanmaq idi və komandalarımız bu vəzifənin öhdəsindən gələ bilmədilər. Kişilərdən fərqli olaraq, qadın hokkeyçilərimiz bu istəyə çox yaxın idilər. “B” qrupunun qalibi olan (Avstriya və Uels yığmaları üzərində qələbə və belaruslarla heç-heçə) Azərbaycan millisi yarımfinal görüşündə digər qrupda 2-ci yeri tutan Çexiya komandası ilə qarşılaşıb. Doğrusu, həmin görüşdən əvvəl mütəxəsisslərdən heç biri rəqiblərdən hər hansı birinə üstünlük verməyə çətinlik çəkirdi. Matçın gedişi də mülahizələri təsdiq edirdi.

Oyunun ilk yarısında tərəflərdən heç biri qol vura bilməyib. 48-ci dəqiqədə meydan sahibləri hesabı açsalar da, 1 dəqiqə sonra Fəridə Məmmədova görüşdə bərabərliyi təmin edib. 61-ci dəqiqədə cərimə zərbəsi vurmaq hüququ qazanan çexlər standart vəziyyətdən yenidən hesabda irəli çıxıblar. Qalan 9 dəqiqə ərzində Azərbaycan hokkeyçilərinin qol vurmaq istəyi bir nəticə verməyib və yarımfinal matçı 2:1 hesabı ilə Çexiya millisinin xeyrinə başa çatıb.

Bu qələbədən sonra finala çıxan çexlər həm də növbəti mövsüm Avropa çempionatının 8 ən güclü komandası ilə birgə yarışmaq hüququ qazanıb. Dünən digər finalçı “A”qrupunun qalibi İrlandiya və “B” qrupunda 2-ci yeri tutan Belarus yığmaları arasında keçirilən yarımfinal oyununda aşkar olunub. İrlandiya təmsilçiləri 4:0 hesabı ilə qalib gələrək yenidən qitənin ən güclüləri sırasına qayıdıblar.

Sabah Bakı vaxtı ilə saat 15.45-də həmyerlilərimiz qitə çempionatının III yeri uğrunda Belarus komandası ilə görüşəcək. Həmin matçdan sonra finalda İrlandiya və Çex Respublikasının hokkeyçiləri görüşəcək.