Bakı, 27 iyul, AZƏRTAC
Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Azərbaycan və Türkiyə kinematoqrafçılarının xalq yazıçısı Elçinin ssenarisi əsasında birgə çəkdikləri "Mahmud və Məryəm" filminin nümayişi keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, film nümayişlərinin keçirilməsində məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.
Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.
Keçiriləcək növbəti tədbirlərin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin "Facebook" səhifəsindən əldə etmək mümkündür:
https://www.facebook.com/NizamiCinema?rf=hl