Lerik, 5 avqust, AZƏRTAC
Maddi-mədəniyyət nümunələri ilə zəngin olan və ərazisində 400-ə yaxın tarixi abidə yerləşən Lerik rayonunda maraq doğuran yerlərdən biri də Xəlifə Zəkəriyyə məzarlığıdır.
AZƏRTAC xəbər verir ki, rayonun Cəngəmiran kəndində yerləşən məzarlıqda son tunc-erkən dəmir dövrünə aid qəbirlər mövcuddur. Hələ 1890-cı ildə fransız arxeoloqu və səyyahı Jak de Morqanın diqqətini cəlb edən məzarlıqda Azərbaycan tarixinin araşdırılmasında əsaslı dəlillər verən abidələr sırasında qədim heykəllər xüsusi yer tutur.
Məzarlıqdakı qoç fiqurlu və insan başına bənzər heykəllərin əksəriyyətinin son tunc-erkən dəmir dövrünə aid olduğu bildirilsə də, aralarında “qızılbaşlar”ın da qəbirlərinin olduğu deyilir.
Burada qazılmış ikikameralı qəbirlərlə bağlı tədqiqat işləri lazımınca və davamlı şəkildə aparılmadığından abidə haqqında tam və qaneedici nəticə əldə olunmayıb.
Məzarlıqda vaxtı ilə ondan artıq bu tip heykəllər olsa da, onlardan yalnız bir neçəsi bu günümüzə qədər qorunub saxlanılıb.
Qeyd edək ki, 2011-ci ildən Nazirlər Kabinetinin qərarı ilə Cəngəmiran kəndindəki bu tarixi abidələr xüsusi mühafizə altına alınıb və hazırda qorunmaqdadır.