Azərbaycan-Amerika Jurnalistika Akademiyası məzunlarına sertifikatlar təqdim edilib

Azərbaycan-Amerika Jurnalistika Akademiyası məzunlarına sertifikatlar təqdim edilib
21:13 6 Avqust 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Azərbaycan-Amerika Jurnalistika Akademiyasının VIII kurs məzunlarına sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hər il Milli Qəhrəman Çingiz Mustafayev Fondunun maliyyə dəstəyi, ANS TV və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən kursların daha 20 məzununa sertifikat verilib.
Əvvəlcə kursun gedişini əks etdirən videoçarx göstərilib.
Mərasimdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycan-Amerika Jurnalistika Akademiyası tərəfindən səkkiz ildə jurnalistika ilə peşəkarcasına məşğul olan 300-dən çox jurnalistin hazırlandığını diqqətə çatdırıb. Məzunlara ekstremal jurnalistikadan dərs demiş V.Mustafayev kursu müvəffəqiyyətlə bitirən gələcək jurnalistləri ANS ailəsinin üzvü kimi qəbul etdiyini və jurnalistikanın ən yaxşı dəyərlərini yaşatmaq yolunda onların hər birini çətin, amma şərəfli yol gözlədiyini deyib. O, jurnalistlərin daha məsuliyyətli olmalarının və problemləri daha dürüst şəkildə işıqlandırmalarının önəmini vurğulayıb. ANS Şirkətlər Qrupunun prezidenti bu kursların artıq ənənə halını aldığını və bundan sonra da davam etdiriləcəyini bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan məzunlara müraciətlə deyib: Siz karyeranızı jurnalistikaya bağlayaraq üzərinizə böyük məsuliyyət götürmüsünüz. Jurnalistika az qazanclı, lakin böyük əziyyət tələb edən peşədir. Əsl jurnalistlərin vəzifəsi həqiqəti tapmaq və onu olduğu kimi yaymaqdır. Mən sizi öyrəndiyiniz peşəkar standartları yadda saxlamağa və gələcək işlərinizdə tətbiq etməyə çağırıram.
Bildirilib ki, məlumatların dəqiq və vaxtında ictimaiyyətə çatdırılmasında jurnalistlərin üzərinə böyük vəzifə və məsuliyyət düşür.
Daha sonra məzunlara sertifikatlar təqdim olunub.
Mərasimdə məlumat verilib ki, kurslar iki ay müddətində fəaliyyət göstərir. Yerli və xarici müəllimlər tərəfindən jurnalistika ilə yanaşı, tarix, ilahiyyatla bağlı bilgilər də verilir.
Dərslər ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidentlər Seyfulla Mustafayev və Mirşahin Ağayev, həmçinin ABŞ səfirliyinin nümayəndələri və ANS TV-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Amerika_Jurnalistika_Akademiyasi_mezunlarina_sertifikatlar_teqdim_edilib-875950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR