Niyə dənizdə boğuluruq? - REPORTAJ

Niyə dənizdə boğuluruq? - REPORTAJ
16:29 7 Avqust 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

Dəniz mövsümü açılar-açılmaz aldığımız ilk xəbərlər dənizdə boğulma hadisələri oldu. Bədbəxt hadisələrin hər biri çimmək üçün qadağan olunan bu cür ərazilərdə baş verib.

 

"Xəzərdə üç nəfər boğuldu”, “Xəzər yenə can aldı”, "Daha bir şəxs dənizdə batdı", "12 yaşlı uşaq dənizdə boğuldu", "Bir gündə dənizdə 6 nəfər boğuldu"... Xeyli müddətdir ki, kütləvi informasiya vasitələrini bu tip başlıqlı xəbərlər “bəzəyir”. Dənizdə boğulma faktları ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Aparılan reydlər zamanı məlum olub ki, suda batma halları əsasən çimmək üçün qadağan olunmuş, nəzarət edilməyən ərazilərdə baş verir. Bundan başqa içkili vəziyyətdə, küləkli havada dənizə girənlərin də həyatı faciəvi sonluqla bitib.

 

Bəs insanlar niyə çimmək üçün qadağan olunmuş ərazilərdə suya girirlər? Səbəblər çoxdur. Sahil zolağının çəpərlənməsi, çimərliklərə girişin pullu olması və s... İlk baxışdan nəzərə çarpmasa da, Xəzərə can verən insanların sayının artmasında sahil zolağında qanunsuz sahibkarlıq fəaliyyətinin təşkili də önəmli rol oynayır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev deyir ki, çimmək üçün qadağan olunan ərazilərdə bəzi işbazlar restoran biznesi yaradıb, təhlükəsiz qaydalarına riayət etmədən fəaliyyət göstərirlər. Xidmət çimərliklərdə təhlükəsizlik qaydalarına dair müxtəlif məzmunlu lövhələr hazırlayaraq, onları həm qanuni əsaslarda fəaliyyət göstərən obyektlərin ərazisində, həm də çimmək üçün qadağan olunmuş ərazilərdə yerləşdirib. Amma... Bir əmma da var.. Mansur Piriyevin sözlərinə görə, sahibkarlar özbaşınalıq edərək üzərində “İçkili vəziyyətdə dənizə girmək olmaq”, “Çimmək qadağandır” və sair məzmunlu lövhələri bir müddət sonra söküblər.

 

“Həmin o qadağan olunmuş su hövzələrində həm mövsümü, həm də daimi fəaliyyət göstərən kafelər, restoranlar heç biri çimərliklə bağlı abadlıq işləri aparmır, xilasedici məntəqə yaratmaq üçün müraciət etmirlər. İnsanların təhləsizliyi ilə bağlı heç bir iş görülmür. Bəzən müşahidə edirik ki, çimərliklərdə kütləvi şəkildə spirtli içki satırlar. İnsanlar isə spirtli içki qəbul etdikdən sonra su nəqliyyat vasitələri ilə gəzintiyə çıxmaq istəyirlər. Obyekt sahibləri də müəyyən məbləğ müqabilində su gəzintisi vasitələrini içkili insanlara verirlər”.

 

Xidmət rəsmisinin sözlərinə görə, bu il dənizdən 205 nəfər xilas olunub. Onların 138 nəfəri çimərlik ərazilərində, 67 nəfər isə qadağan olunmuş su hövzələrində təhlükə ilə üzləşiblər:

 

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə məntəqəsinin fəaliyyət göstərdiyi ərazilərdə sudabatmaya dair bir fakt belə qeydə alınmayıb. Amma təəssüf ki, qadağan olunmuş su hövzələrində suda batma faktları var. Biz qeyri-çimərlik ərazilərində suda boğulma faktlarını araşdıran zaman ilk növbədə görürük ki, qadağan olunmuş su hövzələrində batma hallarının əksəriyyəti həmin ərazilərdə fəaliyyət göstərən istirahət obyektlərinin fəaliyyəti ilə bağlıdır”.

 

Bəs görəsən vətəndaşları həyatlarını təhlükəyə atmağa nə vadar edir? Nəzarət olunmayan ərazilərdən kənarda dənizə girən vətəndaşların bu suala cavabları fərqlidir:

 

“Ora pulludur . Biz kasıb uşaqlarıq. Namiq Qaraçuxurlunun bir meyxanası var. Fəhlə baba. Biz eləyik”.

 

8 manat ödəmişik. Dedik ona ki, olanımız budur. Dedi, qiymət budur, verirsən ver, vermirsən, çimərliyi tərk et”.

 

“Böyüklər ona görə batır ki, onlar qadağan olunmuş yerlərdə çimirlər, həm də içki içirlər”.

 

Çimərliklərə daxil olmaq üçün pul ödəmək imkanı olmayan insanlar mühafizə xidmətinin təşkil olunmadığı qadağan olunmuş ərazilərdə çimməli olurlar. Həm də bu cür çirkli yerlərdə. Mansur Piriyev deyir ki, çimərlik ərazisinə daxil olarkən heç bir ödəniş edilməməlidir:

 

“İlk növbədə vətəndaşlar bilməlidir ki, çimərlik ərazisinə daxil olarkən heç bir ödəniş etməməlidirlər. Amma biz müşahidə etmişik ki, bəzi yerlərdə sakinləri sahil zolağına ödənişli əsaslarla buraxılırlar. Xəzər dənizi boyunca sahil zolağına daxil olmaq üçün heç bir obyekt pul tələb etməməlidir”.

 

Xidmətin xilasediciləri gün boyu ərazini müşahidə edir. Qaydanı pozan insanlara yaxınlaşır, onları qaydalara tələb etməyə çağırırlar. Türkan xilasetmə postunun rəisi Amil Qədirovun sözlərinə görə, içkili vətəndaşlar çox zaman xəbərdarlıqlara qulaq asmırlar: “Əhalini maarifləndiririk, uzağa gedənlərə xəbərdarlıq edirik. İşimizə problem törədənlər əsasən içkili olanlardır. Həmin obyektlərdə içib suya girirlər”.

 

İsti havalarda hər kəs istirahət etmək, dənizə üz tutmaq istəyir. İnsanların bu təbii tələbatından qazanc məqsədilə yararlanan işbazların qanunsuz fəaliyyəti bəzən faciə ilə nəticələnir. Amma günah təkcə sahil xəttini çəpərləyən, insanları çimərliyə buraxmaq üçün pul tələb edən, çimərlikdə spirtli içki satan, maarifləndirici lövhələri çıxarıb atan işbazlarda deyil. Suda boğulma hallarının artmasında “harada su varsa, orada çimmək olar" təfəkkürü ilə dənizə girən, təhlükəsizlik qaydalarını, xəbərdarlıqları nəzərə almayan vətəndaşların da günahı böyükdür.  Bir daha “Dənizdə daha bir nəfər boğuldu” başlıqlı xəbər yazmamaq arzusu ilə...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR