Bədavi Hüseynov: "Şanslarımız bərabərdir"

Bədavi Hüseynov: "Şanslarımız bərabərdir"
15:05 8 Avqust 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsini təqdim edir.

- Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşmalı olacaqsınız. Bu rəqib barədə nə deyə bilərsiniz?

- Eşitdiyimə görə, güclü komandadır, komplektləşmiş heyəti var. "Yanq Boyz" da bizim kimi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olaraq, Avroliqanın pley-off mərhələsinə düşüb. Fikrimcə, hər iki komandanın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansı eynidir.

- İsveçrə klubu barədə nəsə bilirsiniz?

- Rəqib haqda ətraflı məlumatım yoxdur. Hələ dərindən maraqlanmamışam. Çünki bizi qarşıda hələ çempionat oyunu gözləyir. Mövsümün açılış turunda "Qəbələ" kimi çətin rəqiblə oynamalıyıq. Yeri gəlmişkən, onları Avroliqanın pley-off mərhələsinə çıxmaları münasibətilə təbrik edirəm. "Qəbələ" ilə oyundan sonra "Rəvan"la da görüşümüz olacaq. Yalnız ondan sonra "Yanq Boyz"la oyunları düşünə bilərik.

- Şotlandiya "Seltik"inə doğma meydanda da qol vura bilmədiniz...

- Asan oyun olmadı. Hər iki görüşdə rəqib çox yaxşı oynadı. Düzdür, belə qazonda oynamaq həm bizə, həm də rəqibə çətin oldu. Bu, oyunun nəticəsinə də təsirsiz ötüşmədi.

- "Qarabağ"a qələbə qazanmaq üçün nə çatmadı?

- Dəqiq deyə bilmərəm. Amma bütün uşaqlar sonadək mübarizə apardılar. Müəyyən çatışmazlıqlar var. Məsələn, hücumların daha dəqiq sonluqla başa çatdırılması baxımından irəliləyişə nail olmalıyıq. Amma üzərimizdə daha çox işləyib, bundan da yaxşı çıxış etməyə çalışacağıq.

- Lakin "Seltik"lə oyunlarda qol vəziyyətləri elə də çox olmadı...

- "Seltik" ustalıq səviyyəsi yüksək olan bir komandadır. Onların böyük təcrübəsi var. Qlazqoda yaxşı müdafiə olnmuşdular, bizə qol imkanı yaratmağa imkan verməmişdilər. Elə cavab oyununda da müdafiə futboluna üstünlük verdilər. Belə oyunlarda adətən bir qol hər şeyi həll edir. Həmin qolu da rəqib vura bildi.

- Qazonun vəziyyəti sizə nə dərəcədə mane oldu?

- Meydança barədə çox danışmaq istəmirəm. Qazonun hansı durumda olduğunu hər kəs gördü. Amma onu da unutmaq olmaz ki, hər iki komanda eyni şərtlər altında oynayırdı.

- Yeni gələnlərin komandadan gedənləri layiqincə əvəzləyə bilmədiyinə dair fikirlərlə razısınız?

- Onlar çox çalışdılar. Fikrimcə, onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Hər halda belə olmasaydı, baş məşqçi onlara şans verməzdi.

- "Qarabağ"ın maksimumu Avroliqanın qrupuna düşməkdir?

- Bizim əsas hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Rəqibin kimliyindən asılı olmayaraq, həmişə buna çalışırıq. Çox təəssüf ki, bu il də Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilmədik. Ona görə də indi Avroliqanın qrup mərhələsinə çıxmaq haqda düşünməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR