Məşhur yunan müğənnisi Demis Russos vəfat edib

Məşhur yunan müğənnisi Demis Russos vəfat edib
16:23 26 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Goodbye my Love, Goodbye, Forever and Ever, From Souvenirs to Souvenirs, My Only Fascination kimi bir çox məşhur mahnının ifaçısı Demis Russos Afinada 68 yaşında vəfat edib.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, əsl adı Artemios Venturis Russos olan müğənni 1946-cı il iyunun 15-də Misirin İsgəndəriyyə şəhərində Yunanıstan mühacirinin ailəsində anadan olub. Anası müğənni, atası isə klassik gitara ifaçısı olan Russos musiqi məktəbində təhsil aldığı dövrdə bir çox musiqi alətində ifa etməyi öyrənib.
1950-ci illərdə ailəsi ilə birgə Yunanıstana köçən məşhur ifaçı 15 yaşında ikən restoran və otellərdə məşhur qərb mahnıları və caz ifa edərək pul qazanırdı. O, yaratdığı Aphrodites Child qrupu ilə birgə 1968-ci ildə Yunanıstanda baş vermiş hərbi çevrilişdən sonra Parisə gedib və burada Rain&Tears mahnısı ilə geniş şöhrət tapıb. Solo karyera ilə məşğul olmaq üçün 1971-ci ildə qrupu tərk edən müğənni həmin ilin sonlarında On The Greek Side Of My Mind adlı solo albomunu buraxıb.
1975-ci ildə onun Forever And Ever, My Only Fascination və Souvenirs adlı musiqi valları 10 ən yaxşı albom arasında ön mövqeləri tutub. Ümumilikdə isə Demis Russosun hesabında indiyə qədər bütün dünyada sevə-sevə dinlənilən 30-a yaxın musiqi valı yer alır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR