Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov ölkə.az-ın suallarını cavablandırıb.

- Elnur, "Azdrama"da neçənci ildən işləyirsən?

- Orta məktəbin səkkizinci sinfindən bu teatrın səhnəsindəyəm. Teatra gəlməyimdə mərhum xalq artisti, teatrın keçmiş direktoru Əliabbas Qədirovun böyük köməyi olub. İlk dəfə ona yaxınlaşdım və qapıları üzümə açdı. Qismət elə gətirdi ki, Mədəniyyət və İncəsənət Universitetində də Əliabbas müəllimin kursuna düşdüm.

İkinci kursun ortasında o, dünyasını dəyişdi. Sonra Cənnət Səlimova, Bəhram Osmanov bizə dərs keçdilər. Amma elə o vaxt da teatrda işləyirdim.

- Məvacib alırdın?

- Deyəsən, bir tamaşaya yeddi min manat (Bir manat qırx qəpik - red.) alırdım. 2008-ci ildə universiteti bitirdim və Maqbet Bünyadov tərəfindən ştata götürüldüm.

- Niyə son bir neçə ildə "Azdrama"nın hansısa tamaşasından yox, qalmaqallardan daha çox danışılır?

- İndiki rəhbərliyə qədər belə şeylər olmayıb. Artıq şou-biznes son bir ayda gedib dincəlməyə, teatr əhli çıxıb ortaya.

Şou əhli bizim yanımızda yalan olub. Hər kəs indiyə kimi yığılmış problemlərini danışmağa məcburdur. Bu da hardan əmələ gəlir? İnsan dözür, dözür, axırda partlayır da.

- Niyə məhz yay tətilində oldu bu narazılıq?

- Bu, məqsədli şəkildə olmadı. Narazılığın artmasında adını çəkmək istəmədiyim bir rejissorun müsahibəsi təkanverici rol oynadı. Ondan sonra narazılıq dalğası böyüməyə başladı.

- Rəhbərlik bildirir ki, narazılar 2-3 nəfərdir, narazılar isə əksini deyirlər. Deyə bilərsənmi səndən başqa narazı olanlar kimlərdir?

- Təbii ki, rəhbərlik belə deyəcək. İndi sizə dəqiq say deyə bilməyəcəyəm. Çünki orada texniki işçilər də xeylidir. Nurəddin Mehdixanlı, Rafael Dadaşov, İlham Əsgərov, Ramiz Məlik, Füzuli Hüseynov, Abbas Qəhrəmanov kimi sənətkarlar, teatrın simaları narazıdırlar. Abbas müəllim iclasda da narazılığını demişdi. Kazım Abdullayevin axırıncı müsahibəsində narazı olduğu bəllidir. Nisbətən gənclərdən Mətləb Abdullayev, Elnar Qarayev, Elçin Əhmədov... İnanın ki, rəhbərliyə yaxın olan işçilər belə narazıdırlar. Amma hamısının cəsarəti çatmır ki, mətbuata çıxıb, fikrini desin.

- Nədən qorxurlar ki?

- İnsan həmişə nəyisə itirməkdən qorxur. İndiki halda heç kim işini itirmək istəmir. Mən qorxmuram. Tutaq ki, bu müsahibədən sonra məni çıxartsınlar. Necə ki, əməkdar artist Telman Əliyevi çıxartmışdılar. Amma vicdanım qarşısında rahatam ki həmkarlarımın üzünə kişi kimi baxa biləcəyəm. Bir dəfə məni də işdən çıxartmışdı.

- Niyə?

- İşimin ən yaxşı vaxtında direktor məni müqaviləyə keçirdi. Elə olurdu ki, gün ərzində iki dəfə məşq edirdik, axşam isə tamaşa oynayırdıq. Hətta çörək yeməyə vaxt qalmırdı. Müqavilədə göstərilirdi ki, aktyor gün ərzində üçüncü dəfə çağırış alırsa, bu, ödənişlidir. Yəni, teatrda iki çağırış ola bilər. Hamımız da evimizə çörəkpulu aparmalıyıq da. Amma bunu vermirdilər.

- Həmin məbləğ nə qədər idi?

- Dəqiq bilmirəm. Yaxınlaşıb bir neçə dəfə truppa müdirinə dedim ki, məni üç dəfə çağırırsan və günorta gedib başqa yerdə işləyə bilmirəm. Truppa müdiri Elnur Məmmədov dedi ki, teatrın imkanı yoxdur. Amma müəyyən adamlara imkanı var idi.

- Bəs teatrdan niyə çıxarıldın?

- Həmişə Maqbet Bünyadovu ağsaqqal kimi qəbul etmişəm, bu adama simpatiyam var. Bufetdə xalq artistlərinin biri ilə oturmuşduq. Maqbet müəllim haqda xoş sözlər dedim və İsrafil müəllimdən narazılığımı bildirdim. Görürdüm ki, ordan-burdan gələnlərə dəstək verir. Bilirsiniz, od olmasa, tüstü çıxmaz. Biz hamımız dəli deyilik ki, öz-özümüzə narazılıq edək. Nəysə, bufetdə xalq artisti ilə söhbətimdə dedim ki, İsrafil İsrafilov işdən çıxanda qonaqlıq verəcəyəm. Bu sözü həmin "dəyərli" xalq artisti gedib direktora çatdırmışdı. Başa düşürəm, o adam söz saxlaya bilmir də. Həmi mövsümün sonunda qapıda Sənubər İsgəndərlini gördüm. Dedi ki, deyəsən səni işdən çıxardıblar. Qalxıb mühasibatlıqdan soruşdum.

O vaxt mənimlə yanaşı bir neçə nəfəri işdən çıxardı. Düşündüm ki, bu, İsrafilovun apardığı uğursuz islahatın bir hissəsidir və mənim başımda çatlayıb. Fakt ortadadır ki, beş ildə heç bir islahatı uğurlu olmadı. Kadrlar şöbəsindən tələb etdim ki, həmkarlar təşkilatı gəlsin. Elxan Quliyevdən soruşdum ki, niyə məni işdən çıxardıblar? Dedi ki, vallah, mən də səbəbini bilmirəm, amma belə məsləhət görüldü ki, sən çıxmalısan.

- İşə necə bərpa olundun?

- İki il müqavilə ilə işlədim. Sonra direktor məni və Sərdar Rüstəmovu çağırıb dedi ki, sizi ştata götürürəm. Teatrın bir qrup perspektivli aktyoru indi də yardımçı heyətdədir.

- Hazırda yardımçı heyətdə nə qədər məvacib alırsan?

- 230 manat yazılır, 210 manat alıram.

- Bəs əsas heyətdə olanda?

- O yadımda deyil. O qədər pul gəlir ki, hesabı itirirəm (gülür). Tutaq ki, direktor məni işdən çıxarıb və yenidən bərpa edib. Nə desə, ləbbeyk etməliyəm? Əvvəl fikrimi necə deyirdimsə, indi də deyəcəm. Bəziləri kimi işdən çıxarılanda üsyan edib, bərpa olunandan sonra yaltaqlanmaq mənlik deyil. Deyirlər ki, səhvimi başa düşmüşəm. Heç vaxt səhv olmamışam, nə demişəm, arxasında durmuşam, bundan sonra da duracağam. Heç nədən də qorxmuram. Lap bu mövsüm məni işdən çıxaracaqsa, çıxartsın. Nə olacaq? Onsuz da bunu bir dəfə edib. Ömrünün axırına kimi teatrda qalmayacaq ki. O gedən kimi teatrdan uzaqlaşdırılanlar qayıdacaqlar. Gör teatrdan kimləri çıxartdılar.

- Düşünmürsən ki, yaşın və təcrübən teatrla bağlı baş verənləri təhlil etməyə imkan vermir?

- Tanıyanlar bilir ki, həmişə özümdən böyüyə hörmətlə yanaşmışam və sözü düşünüb sonra demişəm. Otuz yaşım var, neçə illərdi bu teatrda işləyirəm. Bir şeyə pis oluram. Tələbəlikdən arzuladığım teatr niyə bu günə düşməlidir? Biz niyə ən ucuz müğənnilərdən betər günə düşməliydik? Hər gün saytlarda aktyorlarımızın narazılığı çıxır...

- Düşünürsən ki, rəhbərlik dəyişsə, hər şey dəyişəcək?

- Üç rəhbərlik görmüşəm və heç birində belə şeylər olmayıb. Təbii ki müsbət təsiri olacaq. Ən azı bu söz-söhbət bitəcək. Teatra elə həvəslə gəlirdik ki, elə bil evə gəlirik. Məzuniyyətə də getmək istəmirdik. İndi teatr o qədər sıxıcı olub...

- Bəs aktrisalar niyə susurlar?

- Söhbət təkcə aktrisadan getmir, mənim yaşıdım olan aktyorlardan da danışmağa qorxanlar çoxdur. Hamı işini itirməkdən qorxur.

- Düşünmürsən ki sabah yeni direktor təyin olunsa və ondan da belə narazılıq etsəniz, belə çıxacaq ki, əslində, təqsir aktyorlardaymış?

- Aktyorda nə təqsir ola bilər? Aktyor deyir ki, məni qastrola apar, pulumu vermə? Rol ver, rolunu oynasın da. Ümumiyyətlə, rəhbər işçi, xüsusən də aktyorlarla işləyən şəxs bir çox şeyləri güzəştə getməyi bacarmalıdır.

- Müsahibədən öncə bildirdin ki, teatrdan kimsə səni təhdid edir...

- Teatrda direktora çox yaxın bir nəfər var - İlhamə Dadaş. Bu adam əvvəlcə kitabxanada işləyirdi, sonra kadrlar şöbəsinə keçirildi. İndi isə inzibatçıdır. Direktor barədə yazdığım tənqidi fikirlərə görə məni şantaj, təhdid və təhqir edir. Onun yazdıqlarını saxlayıram. Yazır ki, oğlum səni belə-belə edəcək. Ölkə rəhbərliyi mədəniyyətimizə, teatrlara bu qədər diqqət və qayğı göstərir. Amma bunun müqabilində "Azdrama"da elə problemlər var ki...

Axı bu cür şəraitin qarşılığında belə eləmək olmaz. Yadıma düşmüşkən, siz olmuş hadisəni danışım. Bir dəfə qastroldaydıq. Süfrə arxasında İsrafil İsrafilov dedi ki, bir nəfər deyir İsrafil İsrafilov gedəcək, o biri deyir ki, belə nağılları çox eşitmişik. Təsəvvür edin, bu söhbət süfrə arxasında baş verir. Mən də dedim ki, zəhmət olmasa, adla danışın. Onlardan biri mən olmuşam, digəri İlyas Əhməd. Bu adam bizi sosial şəbəkələrdə də rahat buraxmır. Ya özü izləyir, ya da adamlarına izlətdirir.

- Sonda bir neçə kəlmə də yaradıcılığın barədə danışaq.

- Üçüncü mövsümdür ki, yayımlanan "Bir ailəm var" serialında Anar rolunu oynayıram. Yaxın günlərdə çəkiliş başlamalıdır. Kaş orda gördüyüm mehribançılıq teatrımda olardı. Bir filmin də kastinqində iştirak etmişəm. Görək nə olur. Teatrda isə Qoqolun "Müfəttiş" əsəri hazırlanır. Orada Dobçinskiy rolu mənə həvalə edilib.

Milli.Az

"Azdrama"da +18 söhbət: "Direktora yaxın bir xanım deyir ki, oğlum səni..." - FOTO
"Azdrama"da +18 söhbət: "Direktora yaxın bir xanım deyir ki, oğlum səni..." - FOTO
"Azdrama"da +18 söhbət: "Direktora yaxın bir xanım deyir ki, oğlum səni..." - FOTO
"Azdrama"da +18 söhbət: "Direktora yaxın bir xanım deyir ki, oğlum səni..." - FOTO