Tbilisi, 10 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Gürcüstana 2 milyon 992,1 min nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumatda deyilir ki, hesabat dövründə Gürcüstana 741 min 163 Azərbaycan vətəndaşı gəlib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə bu göstərici ilə Azərbaycan ikinci yerdədir.
Birinci yerdə isə 757 min 331 nəfərlə Türkiyə dayanır. Türkiyədən bu ölkəyə gələnlərin sayı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb.
Son yeddi ayda Gürcüstana Rusiyadan, eləcə də Avropa ölkələrindən gələn insanların sayı xeyli artıb.
Mütəxəssislərin və ekspertlərin fikrincə, turistlərin sayının artması Gürcüstan hökumətinin viza rejiminə etdiyi dəyişikliklərlə bağlıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi