Bakı, 11 avqust, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov tərəfindən çox mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.
Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Məhəmməd Davudov əməliyyatla bağlı deyib: “Qırtlaq-udlağın şişi deyərkən, söhbət udlağın aşağı hissəsinin xərçəngindən gedir. Həmin nahiyədə şiş aqressiv gedişə malik olur və boynun limfa düyünlərinə metastaz verir. Əməliyyat zamanı qırtlaq-udlaq tam götürülür, boynun limfa düyünləri tam şəkildə çıxarılır. Burada ikinci çox mühüm məsələ götürdüyümüz toxumaların, yəni həmin qüsurun rekonstruksiyasıdır, yəni bərpa olunmasıdır. Bu, ona görə vacibdir ki, xəstənin qidalanması bərpa oluna bilsin”.
Həkim bildirib ki, dünya praktikasında da udlağın rekonstruksiyası üçün bir çox flepplərdən istifadə olunur. Bunlardan biri də acı bağırsaqdan götürülmüş fleppdir. Xəstələr məhz belə rekonstruksiyadan sonra normal həyata daha asan adaptasiya olunurlar.
Əməliyyat prosesi çox mürəkkəb olduğu üçün Tehran Tibb Elmləri Universitetinin estetik-plastik-rekonstruktiv cərrahı, dosent Həmid Rza Fəthi ilə birgə aparılıb. Əməliyyat uğurla başa çatıb.

