Avqustun 13-də "hüquq müdafiəçisi" Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm elan olundu.
Məhkəmənin hökmü ilə Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay, Arif Yunus isə CM-in 178.3.2-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edildi. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi də öz əksini tapdı.
Riyakarlıq və dönüklük...
İllərdir "demokrat" maskası altında özünü "hüquq müdafiəçisi" kimi göstərib Azərbaycan xalqına yuxarıdan aşağı baxan, ana dilimizdə yalnız söyüş söyən zaman danışan, vətəndaşı olduğu dövlətin maraqlarını maddiyyata satan, ermənilərlə işbirliyini gizlətməyən Yunusların bütün gizli əməlləri rəsmən sübut olundu. L.Yunus və həyat yoldaşı Arif Yunusun "fəaliyyətinə" bələd olan hər bir kəs onların Azərbaycan xalqına necə nifrət bəslədiklərindən, bu millətə necə düşmən kəsildiklərindən gözəl xəbərdardır. "Hüquq müdafiəçisi" kimi Leylanın 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqları uğrunda bircə dəfə də olsun hansısa təşəbbüslə çıxış etdiyini xatırlayan yoxdur. Çünki belə bir çıxış olmayıb!
Leyla Yunus QHT-çilik taleyinin bütün mərhələlərində antiazərbaycançı mövqeyini gizlətməyib. Ancaq insan hüquq və azadlıqlarını hüququn ali prinsipi kimi əsas götürən Azərbaycan hökuməti öz xalqına qənim kəsilən bu şəxslərə qarşı heç zaman təzyiq göstərməyib. Demokratik mühitdən istədikləri kimi yararlanan bu şəxslər isə vəziyyətdən sui-istifadə edərək dələduzluq, vergidən yayınma hallarına yol veriblər. İstənilən dövlətdə vergidən yayınma halları kimi cinayətlər törədirlər. Sual olunur: azad və demokratik bir cəmiyyətdə yaşaya-yaşaya Azərbaycan xalqını dəfələrlə təhqir edən, müxtəlif QHT adları altında qrantlara sahib çıxıb, xarici ölkələrdə özlərinə mülklər alaraq imkanlarını genişləndirən Leyla və Arif Yunuslara bu dövlət nə edib ki, ona bu qədər nifrət bəsləyirlər? Bəlkə tez-tez Ermənistana səfər edib işğalçı ölkənin QHT-ləri ilə birgə fəaliyyət quran bu şəxslərə hansısa təzyiqlər göstərilirdimi? Xeyr, heç zaman dövlət tərəfindən onların bu səfərlərinə embarqo qoyulmayıb. Əksinə, onlara istənilən toplantılarda iştirak etmək üçün imkanlar yaradılıb. Ancaq Leyla Yunus bütün toplantılarda çirkin əməllərlə məşğul olub. Məsələn, Bakıda keçirilən NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarını yada salaq. "Azadlıq carçısı" həmin seminarda Azərbaycan əsgərlərinin erməni snayperinin gülləsindən dünyasını dəyişmədiyini deməklə açıqdan-açığa öz ermənipərəst mövqeyini sərgiləmiş, Ermənistan parlamentinin üzvlərinə öz hesabatları əks olunmuş kitabça bağışlamışdı. Erməni deputatlar isə həmin hesabatda yazılanlara istinad edərək Azərbaycanı tənqid etmişdilər. Leyla Yunus daha sonra iclas zalındakı yerini də dəyişərək ermənilərlə eyni sırada əyləşmişdi. Onun bu hərəkəti isə bir daha ölkə ictimaiyyətini hiddətləndirmişdi.
Bəli, Leyla və Arif Yunusların "fəaliyyəti" ölkə ictimaiyyətinə yaxşı bəllidir və istintaq bir çox gizli məqamları üzə çıxararaq onların əsl simasını ortaya qoydu. Bu gün zərrə qədər şübhə yoxdur ki, Leyla Yunus erməni lobbisinin "maşa"sıdır. Bunu sübut edən faktlar isə kifayət qədərdir.
Bir vaxtlar ölkə mətbuatında Leyla Yunusun Müdafiə Nazirliyində işləyərkən hərbi sirləri yayması barədə yazılar da dərc edilirdi. Həmin yazılarda qeyd edilirdi ki, bu şəxs tez-tez cəbhə bölgələrinə səfər etdikdən sonra xarici ölkələrə yollanırdı. Bu səfərlərin mütəmadi hal alması isə onun casusluq fəaliyyətinə dəlalət edirdi. Bildirilirdi ki, həmin xarici səfərlərdə ordumuzun ön xəttində həyata keçirilən dislokasiya prosesləri və hərbi sirləri nəyinsə müqabilində antimilli qüvvələrə ötürməklə torpaqlarımızın işğal olunması prosesində L.Yunusun "xidmətləri" olub.
1993-cü ildə Rusiyada azərbaycanlı və erməni qadınların görüşündə etdiyi hərəkət isə yaddaşlardan silinməyib. Bu şəxs həmin görüşdə Azərbaycan bayrağı altında oturmaqdan imtina edib. Ölkəmizin əleyhinə çıxış edəndə isə ölkə ictimaiyyəti onun əsl kimliyini dərk etmişdi. Eyni zamanda, yaratmış olduğu "İctimai dialoqlar" saytının təqdimatını Bakıda yox, İrəvanda keçirən, həmin saytda işğal olunmuş ərazilərimizi "Dağlıq Qarabağ respublikası" kimi təqdim edən də Leyla Yunus idi. Azərbaycan torpaqları işğalda ola-ola əli millətimizin qanına boyanmış ermənilərlə işbirliyinə girən və hətta bu işə başqalarını da cəlb edən bir insanın məqsədi nə ola bilər? Açıq-aşkar görünür ki, pul hərisliyi L.Yunusun "əziz peşəsi" imiş.
Qrant sevdası və Azərbaycana nifrət...
Qrant sevdası, xaricdə mülk həvəsi artdıqca onun Azərbaycana qarşı nifrəti daha da artırdı və bu çirkablı yolda ona dəstək olmaq üçün yeni dönüklər seçirdi. Həmin dönüklərə isə qəpik-quruş verməklə imkanlarını daha da genişləndirirdi. Məhkəmə sübut etdi ki, bütün bu proseslər vergidən yayınmaqla həyata keçirilirmiş. Həm özü, həm də bu işə cəlb etdiyi şəxslər uzun müddət vergidən yayınaraq çirkli pullar hesabına "xidmət" göstərirmişlər. Bunların hamısı şahidlərin ifadəsi ilə də məhkəmədə təsdiqini tapdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində dindirilən jurnalist Anna Daqidaşvili deyib ki, fəaliyyəti ilə bağlı tez-tez xaricdə səfərdə olub, konfranslara qatılıb. Belə tədbirlərin birində erməni jurnalist ona yaxınlaşaraq Leyla Yunusla əməkdaşlıq edə biləcəyini deyib və onun telefon nömrəsini verib. A.Daqidaşvili Leyla Yunusla əlaqə saxlayıb, əməkdaşlığa başlayıb. Leyla Yunus isə ona məsləhət verib ki, Rauf Mirqədirovla əlaqə saxlayıb müsahiblərə verəcəyi sualları ondan alsın. Bundan sonra isə Anna Daqidaşvili sualları Rauf Mirqədirovdan almağa başlayıb.
Jurnalist Əkbər Həsənov isə Arif Yunusun dəvəti ilə 2 dəfə - 2006 və 2007-ci illərdə Ermənistanda səfərdə olduğunu deyib. Bildirib ki, Arif Yunus daha çox Ermənistan prezidentinin keçmiş xüsusi nümayəndəsi, "Həmrəylik" Araşdırma Mərkəzinin rəhbəri, politoloq David Şahnazaryanın təşkil etdiyi görüşlərə qatılırmış. Həbsdə olan jurnalist Rauf Mirqədirov şahid ifadəsində bildirib ki, o, Ermənistanda keçirilən tədbirlərə Arif Yunus vasitəsilə dəvət olunub. Orada hər il tədbirlər keçirilirmiş. 2002-ci ildə onu ödənişli layihəyə yazıblar və qonorar almağa başlayıb. Bundan başqa, "Sülh və Demokratiya İnstitutu"nun şəbəkə layihələrindən də pul alırmış.
Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilmiş L.Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Bunu sübut edən başqa bir məqama da toxunaq. Öz dədə-baba yurdunu ziyarət etmək üçün Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan ordusu tərəfindən girov götürülüb barələrində qondarma ittihamlar irəli sürüləndə Leyla Yunus hələ azadlıqda idi. Ancaq bir dəfə də olsun onların azadlığa buraxılmaları barədə istər beynəlxalq təşkilatlara, istərsə də Ermənistandakı dostlarına müraciət etmədi. Etməzdi də! Çünki o, Ermənistan kimi, həmin əraziləri qondarma "Dağlıq Qarabağ respublikası" adlandırır. Həmin torpaqlara ayaq basan oğullar isə onun nifrət etdiyi Azərbaycan xalqının övladlarıdır.
Antiazərbaycançı şəbəkəyə daxil olan bəzi xarici qeyri-hökumət təşkilatları müxtəlif bəyanatlar yaymaqla Azərbaycan hökumətini "demokratiya carçıları"na qarşı sərt addımlar atmaqda günahlandırırlar. Görəsən, bu qurumların fəaliyyət göstərdikləri ölkələrdə vergidən yayınma, dələduzluqla məşğul olmaq cinayət deyil? Əlbəttə cinayətdir və əslində, onların "narahatlığını" "anlamaq" da olar. Dünyanın əksər dövlətlərində, həmçinin ölkəmizdə iqtisadi sahədə cinayətkarlığa, korrupsiya hallarına, o cümlədən vergiləri ödəməkdən yayınma cinayətlərinə qarşı ciddi mübarizə aparılır. Məsələn, dünyanın iqtisadi nəhəngi sayılan ABŞ-da bütün səviyyələrdə deyirlər ki, bu ölkədə iki şeydən qaçmaq olmaz: ölümdən və vergidən. Bir sıra inkişaf etmiş ölkələrdə qanunvericilikdə istənilən məbləğdə vergidən yayınmaya görə müəyyən hüquqi nəticələrə səbəb olmaqla məhkumiyyət yaradan cinayət məsuliyyəti müəyyən edilmişdir.
Əgər bir "hüquq müdafiəçisi"nin öz xalqına xəyanəti, etdiyi cinayət əməlinə görə həbsi bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarını bu qədər narahat edirsə, niyə öz doğma torpağını, dədə-baba yurdunu ziyarət etmək üçün Dağlıq Qarabağa səfər edib Kəlbəcər rayonunda Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin durumundan bir dəfə də olsun söz açmırlar? Öz elini, əzizlərinin məzarlarını ziyarət etmək istəyən şəxslər barəsində qondarma məhkəmə qurub birinə ömürlük, digərinə 22 il həbs cəzası kəsən işğalçı Ermənistana nədən heç bir təzyiq göstərilmir? Ancaq Ermənistan azərbaycanlı mülki vətəndaşlardan "hərbi cinayətkar" və "qatil" obrazı yaradıb öz qanunsuz hərəkətlərinə sivil bəşəriyyətin gözündə bəraət qazandırmağa çalışır. İşğalçı ölkə açıq-aşkar məsuliyyətsiz davranışı ilə beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. Nədəncə Leyla Yunusun həbsindən "narahat" olan təşkilatlardan səs çıxmır. İnsan hüquq və azadlıqlarının carçıları olduqlarını əldə bayraq tutan qurumların bəyanatları eşidilmir. Budurmu ədalət? Niyə Ermənistanı hədələyərək demirlər ki, Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq mülki şəxslərin girov götürülməsi qadağandır?! Görünən budur ki, Azərbaycana qarşı ikili standartlar hələ də davam etməkdədir.
AXCP sədri Əli Kərimlinin Leyla Yunus "məhəbbəti"
Bunlar azmış kimi, içimizdəki antiazərbaycançı şəbəkələrin buyruq qulları da Leyla Yunusun müdafiəsinə qalxıb, erməni lobbisinə dəstək verirlər. Sədri olduğu partiyanın, Əbülfəz Elçibəyin yaratdığı AXCP-nin "yeganə" varisi, özünü isə eks-prezidentin davamçısı adlandıran Əli Kərimlinin Leyla Yunus "məhəbbəti" hələ də davam edir. Ancaq bəllidir ki, bu dəstək heç də onun Leyla Yunusa olan rəğbətindən irəli gəlmir. Leyla Yunusun adından istifadə edib beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirməyə, onların maraqlarına xidmət etməyə, Azərbaycanın əleyhinə olan qurumlardan maliyyə və digər dəstəkləri qazanmağa çalışan Əli Kərimli üçün Leyla Yunus bu gün alver predmetinə çevrilib. Ona görə də əminliklə söyləmək olar ki, Əli Kərimli heç zaman Əbülfəz Elçibəyin davamçısı ola bilməz. Çünki Elçibəy heç vaxt Azərbaycan dövlətinin milli maraqlarına, bu xalqa xəyanət etməyib. Əli Kərimli isə bu gün AXCP-də siyasi dəllallıqla məşğuldur. Bu günlərdə "Müsavat" qəzetində dərc olunan bir yazıda Əli Kərimlinin "Azadlıq" qəzetinin "faktiki sahibi və baş redaktoru" olduğu göstərilib. Əslində bunu sübut edən faktlar da var. Adı baş redaktor kimi qeyd edilən Qənimət Zahid Fransadan qəzeti idarə etmək iqtidarında deyil. Başqa ölkədə oturub, digər ölkədə nəşr olunan qəzetə redaktorluq etmək qeyri-mümkündür. Hər kəs bilir ki, Q.Zahid qəzetin qiyabi redaktorudur. Onun Fransaya qaçıb orada Azərbaycanla bağlı təhrif olunmuş, uydurma məlumatlarla "Azərbaycan saatı" adlı veriliş aparmasında da məhz Əli Kərimlinin əli var. AXCP sədri Qənimət Zahidin "redaktor" imzası ilə süni imitasiya yaradır. Hətta "Azadlıq" qəzetində Leyla və Arif Yunusların məhkəmə prosesindən verilən reportajlar da dezinformasiya xarakterli olurdu. Məhkəmədə iştirak etmədən reportajlar verilir, uydurma məlumatlar yazılırdı. Bütün bunlar Əli Kərimlinin köhnə peşəsidir. Bir müddət öncə Ə.Kərimlinin sabiq müavini Razi Nurullayev partiyadan istefa verdikdən sonra keçirdiyi mətbuat konfransında da belə faktlar səsləndirmiş, Əli Kərimlini ifşa etmişdi.
"Xəstəlik" şousu ədalət mühakiməsindən yayınmaq üçün yeni oyunbazlıq idi
Digər bir məqamı da diqqətə çatdıraq ki, prosesdə cinayət əməlləri sübut olunan Leyla və Arif Yunusun "xəstəlik" şouları da başqa bir oyun idi. Bu şoular birbaşa diqqəti yayındırmaq üçün təşkil olunurdu. Yenə düşündürücü sual yaranır: görəsən, bu insanlarda xəstəlik nə zaman "baş qaldırdı"? Diqqət edin, bu iki şəxs hər həftə təyyarə ilə xaricə gedib-gələrkən, Ermənistanda görüşlər keçirərkən, Bakıda antiazərbaycançı şəbəkələrin bir neçə üzvünü başlarına toplayıb beynəlxalq konfranslarda hay-küy salıb ara qarışdırarkən heç bir xəstəlikləri yox idi! Ancaq hüquq-mühafizə orqanları tərəfindən yaxalandıqda Leyla Yunus başını bağlayıb özünü xəstəliyə vurdu. A.Yunusun "şəkəri" əmələ gəldi. Azərbaycanlı həkimlərin xidmətindən isə imtina etdilər.
Azərbaycan hökuməti isə həmişə olduğu kimi, humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunusun səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış "Charite" xəstəxanasının şöbə müdiri professor Dr. Kristian Vitti Bakıya dəvət etdi. Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə Leyla Yunusun müayinəsi aparıldı. Bütün müayinələrin cavabları yoxlandıqdan sonra Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik, etik standartlara uyğun aparıldığını təsdiq etdi. Müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusun həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərərək, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq etdi. Bu da L.Yunusun növbəti yalanının ifşası! Ancaq buna baxmayaraq, "erməni maşa"sı bütün məhkəmə prosesində yenə şou göstərməyə başladı. Özü ifşa olunduqdan sonra baş rolun ifaçısı Arif Yunus oldu. Dəfələrlə məhkəmə prosesini təxirə salmaq üçün min cür oyundan çıxdılar. Bu, azmış kimi, Leyla Yunus hər dəfə səhhətləri "pisləşəndə" prosesi təxirə salan, zala həkim dəvət edən hakimi "cəllad" adlandırırdı. Etdiyi yaxşılıqların müqabilində hakimə "cəllad" demək bir "hüquq müdafiəçisi"nə yaraşan sözdürmü? Bu şəxsin digər bir iyrənc hərəkətinə isə ölkə ictimaiyyəti şahidlik etdi. Azərbaycan polis zabitini təhqir edib qadına yaraşmayan hərəkətlər etsə də, zabit onun "tələsinə" düşmədi. Bəlli idi ki, videokamera önündə polisi təhqir edən L.Yunus özünə qarşı kiçik bir təzyiq göstərilməsi "arzusunda" idi. Lakin dövlət tərəfindən təzyiqə məruz qalan şəxs kimi kimlərəsə şikayətlər göndərmək "sevdası" baş tutmadı. Çünki Azərbaycan polis zabiti təhqir olunsa da, onunla yalnız qanun çərçivəsində davrandı. Məhkəmə proseslərində sadəcə görüntü xatirinə şou yaratmaqla məşğul olsalar da, "arzularına" çatmadılar. Anlamadılar ki, xəstəlik sağalır, lakin xəstə təxəyyülün, mənəviyyatın sağalması qeyri-mümkündür! Hər kəsə bəllidir ki, bu növbəti şounun düzənlənməsində məqsəd ədalət məhkəməsindən yayınmaq idi. Axı hər gün barələrində yeni ifşaedici faktlar ortaya çıxır, şahid ifadələri əleyhlərinə işləyirdi.
Onlar etdikləri dələduzluqları etiraf etməli, vergidən necə yayındıqları barədə faktları söyləməli və cəzalarını çəkməlidirlər. Çünki Azərbaycan hüquqi-demokratik dövlətdir və bu ölkədə vergidən yayınma bütün hallarda cinayət məsuliyyəti yaradır. Leyla və Arif Yunusların xarici ölkələrdə əldə etdikləri mülklər və aldıqları çirkli pulların mənbəyi isə bəllidir.
Leyla Yunus bilməlidir ki, Azərbaycan xalqına nifrət edən, milli maraqları satan şəxslərin adı tarixin səhifələrinə yalnız xəyanətkar kimi yazılacaq. Onun ermənilərə xas olan əməlləri elə öz başında çatlayacaq. Çünki cəmiyyət bu fikirdə olan nankorları qəbul etmir və etməyəcək də!
Yenə ikili standartlar və Azərbaycana qarşı ədalətsizlik
Bir məsələ də bəllidir ki, onun müdafiəsinə qalxan xarici təşkilatların məhkəmənin son qərarından sonra "canfəşanlığı" davam edəcək. Azərbaycana qarşı yenə qarayaxma kampaniyası həyata keçirməyə, uydurma bəyanatlar verməyə, ölkəmizə hədə-qorxu gəlməyə cəhd edəcəklər. Necə ki, dövlət ittihamçısı bu şəxslərə iş istədikdən bir gün sonra daim Azərbaycana qarşı qərəzli mövqedə olan "Human Rights Watch" təşkilatı bəyanat yayaraq Azərbaycan hakimiyyətini "ağır vəziyyətdə" olan Leyla və Arif Yunusları dərhal azad etməyə çağırdı. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamsonun açıqlamasına diqqət edək: "Onların səhhətinin pis olduğunu nəzərə alsaq, bu cür məhkəmə prosesi yalnız qınaq doğurur. Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir?! Leyla və Arif Yunusların tibbi yardıma ehtiyacı var". Elə bir açıqlama verir ki, guya Hyu Uilyamsonun bu şəxslərə canı yanır. Ancaq bu şəxs yaxşı bilir ki, həmin insanların səhhətində hər hansısa xəstəlik olsaydı, dövlət tərəfindən Almaniyadan xüsusi olaraq Azərbaycana dəvət edilən professor Dr. Kristian Vitt müalicələri üçün əsas göstərərdi. Necə olur ki, torpağımızı işğal edib, yurdumuzu viran qoyan, millətimizə qarşı soyqırımı aktları törədən terrorist dövlətin nümayəndəsi ilə Ermənistanda üz-üzə əyləşib düşmən çörəyi yeyəndə Arif Yunus kreslolarda rahat otura bildi, amma vergidən yayınanda, dələduzluq edəndə "oturmaq qabiliyyətini" itirdi? Baden-Baden şəhərində vergidən yayındırdıqları pulları sağa-sola xərcləyərkən, bəzi ölkələrdə özlərinə mülk alarkən niyə səhhətlərini müalicə etdirmək barədə düşünmürdülər? Bəs nə baş verdi? Maskaları yırtılan, mənəviyyatını pula satanlar niyə məhkəmədə günahsız olduqlarını sübut edə bilmədilər? Edə də bilməzdilər, çünki gördükləri işlərin hamısı cinayət tərkiblidir və buna görə də aldıqları cəzanı çəkməlidirlər!
"Human Rights Watch" kimi təşkilatların da onların müdafiəsinə qalxması hər kəsə bəllidir. Axı Leyla və Arif Yunus kimi donosçular əllərindən çıxacaq və Azərbaycanla bağlı çirkin kampaniyalarını davam etdirmək üçün yeni "Leyla və Arif Yunuslar" yaratmaq çətin olacaq onlara!
Azərbaycan xalqı artıq hər şeyi görür və kimin kimə "xidmət" etdiyini gözəl anlayır. Azərbaycan ictimaiyyətinə bəllidir ki, ölkəmizə qarşı davam edən ikili standartlar prinsipi məqsədyönlü şəkildə həyata keçirilir və o yerdə ki ikili standartlar mövcuddur, orada ədalət yoxdur! Bu səbəbdən də Azərbaycan daim şər-böhtana obyektiv, ədalətli və hüquqi müstəvidə cavab verir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
"Azərbaycan" qəzeti