Belqrad, 17 avqust, AZƏRTAC
Kosovo İnterpola tamhüquqlu üzv qəbul olunmaq üçün bu quruma müraciət edib.
Bu barədə Kosovonun daxili işlər naziri Skender Hiseni məlumat verib. O deyib ki, qurum ilk olaraq Kosovonun qanunvericilik sahəsində əsas standartları təmin etməsinin vacibliyini bildirsə də, İnterpolun cari ilin noyabrında keçiriləcək baş assambleyasında məsələyə baxıla və müsbət nəticə əldə oluna bilər.
Məsələyə münasibət bildirən Serbiyanın daxili işlər naziri Nebojsa Stefanoviç Kosovonun İnterpola tamhüquqlu üzv seçilməsinin ölkəsi üçün qəbuledilməz olduğunu bildirib. O deyib: “Serbiyanın tərkib hissəsi olan Kosovonun ayrı bir dövlət kimi İnterpolda təmsil olunması mümkün deyil”.
Nazir vurğulayıb ki, bu təşəbbüsün reallaşmaması üçün bütün diplomatik vasitələrdən istifadə olunacaq. İnterpol müvafiq müraciətə müsbət yanaşarsa bu hal qurum ilə Serbiya arasındakı münasibətlərə də mənfi təsirini göstərəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad