Cənubi Qafqazın ən böyük sement zavodu layihə gücünə çıxıb (FOTO)

Cənubi Qafqazın ən böyük sement zavodu layihə gücünə çıxıb (FOTO)
10:03 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Cənubi Qafqazın ən böyük sement zavodu "Norm Sement" layihə gücünə çıxıb. Bu barədə Trend-ə Azərbaycanın "Norm" MMC-nin baş direktoru Həsən Yalçınqaya bildirib.

Onun fikrincə, 2014-cü il şirkət və ümumilikdə ölkənin sement sənayesi üçün uğurlu olub: "Biz layihələrimizin uğurla başa çatdırılmasına nail olduq. Sement zavodu cənab Prezident İlham Əliyev tərəfindən 2014-cü il iyulun 21-də açıldı və həmin vaxtdan çox səmərəli fəaliyyət göstərir. Ötən il biz öz klinkerimizi istehsal etməyə başladıq və hazırda layihə gücümüzə çatmışıq. Ona görə də deyə bilərəm ki, 2014-cü il uğurlu olub. İndiyədək biz 510 min ton sement istehsal etmişik, klinker istehsalı isə 471 min ton səviyyəsində olub. Həmçinin biz klinker istehsalına başladığımız ilk 6 ay ərzində bazarın 20 faizini əhatə etməyə nail ola bilmişik".

H.Yalçınqaya bu trendin 2015-ci ildə də davam edəcəyinə əminliyini ifadə edib: "Biz yüksəkkeyfiyyətli sement istehsalı və istehlak bazarında müştərilərimizə yüksəksəviyyəli xidmət göstərilməsi hesabına bazarda öz payımızı artırmağı planlaşdırırıq".

Onun sözlərinə görə, ötən il ölkənin sementə olan daxili tələbatı 4,3 milyon ton təşkil edirdi. Cari ildə bu tələbat ən azı eyni səviyyədə qalacaq: "Hazırda bazarın təqribən 60 faizini yerli istehsalçılar təmin edir. 40 faizə yaxın sement isə qonşu ölkələrdən idxal olunur".

H.Yalçınqaya qeyd edib ki, yerli istehsal qüvvələri daxili tələbatı tam həcmdə ödəməyə qadirdir: "Hədəfimiz sement idxalını mümkün qədər azaltmaqdır".

Baş direktor bildirib: "Bu günədək yeni zavoda 326 milyon dollar sərmayə qoymuşuq. Səmərəliliyin artırılması və istehsalın inkişafı, eləcə də buraxılan məhsulun çeşidlərini artırmaq üçün bir neçə layihəmiz var. Hazırda zavodumuzun iş prosesini optimallaşdırmaqla məşğuluq. Biz səmərəliliyi artırmağa və enerjidən istifadəni azaltmağa davam edəcəyik. Eləcə də neft quyuları üçün sement istehsalına sərmayə qoymağı planlaşdırırıq".

Onun sözlərinə görə, şirkətin hədəflərindən biri beynəlxalq bazara çıxmaqdır: "Hazırda beynəlxalq bazar, o cümlədən məhsullarımızı ixrac edə biləcəyimiz qonşu ölkələrin – Rusiya, Qazaxıstan və Türkmənistanın sement bazarlarında neftin qiymətlərinin düşməsi səbəbindən bir qədər narahatlıq yaşanır. Lakin qeyd etdiyim kimi, biz bu il neft sənayesi üçün sement istehsalını inkişaf etdirəcəyik. Bu sement neft hasil edən ölkələrə, məsələn, Qazaxıstana və Rusiyaya asan ixrac edə biləcəyimiz məhsul növüdür. Bu məhsul istehsal olunan kimi onun ixracına başlayacağıq".

H.Yalçınqaya deyib ki, hazırda zavod sement istehsalı sahəsində ən müasir texnologiyalarla təchiz olunub: "Avadanlıqların əksəriyyəti Avropadan alınıb və bu, sement istehsalında istifadə olunan ən son texnologiyalardır. Gələcəkdə istehsal zamanı ayrılan istilikdən elektrik enerjisi istehsal edilməsinə sərmayə qoyacağıq. Lakin planlarımızı növbəti ildən həyata keçirəcəyik. Bu bizə ayrılan istilikdən tam şəkildə istifadə etməyə və zavodumuzun səmərəliliyini artırmağa imkan verəcək".

Bakının Qaradağ rayonunda tikilmiş "Norm Sement" zavodunun istehsal gücü sutkada 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR