Bakı, 18 avqust, AZƏRTAC
Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında “Atilla günü” keçirilib. Builki “Atilla günü” gələn il təşkil olunacaq VI hun-türk qurultayına hazırlıq və macarları qədim əcdadları - hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi daşıyır.
Tarixi-bədii şou kimi düşünülən və ”Əcdadlar günü” kimi də adlandırılan mərasimin açılışında Macarıstan Parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan Turan Cəmiyyətinin prezidenti Andraş Biro, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın Macarıstandakı səfirləri Vilayət Quliyev, Şakir Fakılı, Nurbax Rüstəmov, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) AZƏRTAC-a bildiriblər ki, BAMF-ın sədri Umud Mirzəyev mərasimdə çıxış edərək belə tədbirlərin eyni kökdən olan və oxşar taleləri yaşamış xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğulayıb.
Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın portretini Macarıstan Turan Cəmiyyətinə hədiyyə edib.
“Atilla günü"nün açılış mərasimində Azərbaycan ilə Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Umud Mirzəyev Macarıstan Turan Cəmiyyətinin diplomu ilə təltif olunub.
Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilib, cıdır yarışı, çövkən oyunu, oxatma müsabiqəsi keçirilib. Cəmiyyətin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzeylə tanışlıq da böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı təşkil edilib.



