Sovetlər dönəminin məntiqlə izah olunmayan gerçəklərindən biri də "oxumamışam, amma qətiyyətlə pisləyirəm" anlayışı idi.
O illərdə az qala uşaq bağçalarında Karl Marksın "Anti-Dürinq" ("Herrn Eugen Dührings Umwalzung der Wissenschaft") əsərinin tezislərindən bəhs olunurdu. Amma heç bir kitabxanada, kitab dükanında və ya təhsil müəssisəsindəə Dürinqin əsərinə rast gələ bilməzdin ki, görəsən, bu Dürinq kimdir, Marks onu niyə sərt tənqid edib.
Alman filosofu, siyasi iqtisadiyyat və hüquq mütəxəssisi, nəzəriyyəçi Karl Yevgeni Dürinqin əsərlərindən bir sətir oxumayan şəxslər "Anti-Dürinq"i az qala əzbər bilirdilər.

Azərbaycanda daha bir intihar, dumanda kirpi və son ümid

Azərbaycanın müxalifəti, "biz hakimiyyətə qarşıyıq" deyənlərin liderləri də belədirlər. Onlar kimdən nəyi nə üçün istədiklərini dəqiq bilməsələr də, yalnız "istəmək" felini işlərini tam səciyyələndirəcək və izah edəcək əməl qismində yetərli bilirlər.
Təşkilatlar var ki, rəhbərləri illərdən bəri onların ilkin ideologiyası, məfkurəsini qoruduqlarını desələr də, reallıq tam tərsini göstərir.
Belə qurumlardan biri AXCP-dir.

1989-cu ilə qədər Əbülfəz Elçibəyin lider olduğu Azərbaycan Xalq Cəbhəsi 3 il sonra ciddi transformasiyaya məruz qaldı. Daha doğrusu, bir zamanlar təşkilatı quranların əksəriyyəti qurumun sıralarını tərk etdi, elə həmin il də Elçibəy prezident seçkilərində qalib gəldi.

Qələbə birmənalı deyildi.
Çünki səsvermə gününədək Bakıda və ölkənin bir çox şəhərlərində divarlardan "Oylarımız Elçibeye!" yazılmış şüarlar asılı qalmışdı. Həmin plakatlar Türkiyədə hazırlanmışdı və qanunvericiliyin tələblərinə zidd olaraq, səsvermə bitənədək heç bir yerdən yığışdırılmadı. Hətta seçki məntəqələrində də vardı belə plakatlar.
Daha sonra səsvermə başa çatdı və seçkilərdə Ə.Elçibəyin əsas rəqibi Nizami Süleymanov saxtakarlıqlar olduğunu dedi, iddialarını da sübut etdi.

Amma onu dinləmək istəmədilər.
Əbülfəz Elçibəyin ölümündən sonra AXCP iki yerə bölündü, mühafizəkarlara Mirmahmud Fəttayev, "proqressiv"lərə isə Əli Kərimli başçılıq etməyə başladı.

Əli Kərimli artıq 15 ildir ki, AXCP sədridir

10 il əvvəl Milli Məclisə seçkilər ərəfəsində AXCP müxalifət koalisiyası qurmaq fikrinə düşmüşdü və bu səbəbdən də Müsavat, Liberal, Demokrat, Vətəndaş və İnkişaf partiyaları ilə birlikdə "Azadlıq" Siyasi Partiyalar Bloku qurmuşdu.
2008-ci ildən bəri AXCP prezident seçkilərini boykot edir, seçkilərə qatılmır.
AXCP-nin qısa tarixi budur.

Mirmahmud Fəttayevdən sonra Fərəc Quliyev, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Əliməmməd Nuriyev, Faiz Qəzənfəroğlu və başqalarının AXCP sıralarını tərk etmələrindən də bəhs edərdim.
Amma ehtiyac duymuram, çünki siyahı çox uzundur və Əli Kərimlinin idarəetmə metodlarından, onun partiyada yaratdığı ab-havadan bezənlərin arqumentlərinin sadalanması yenilik sayılmaz.
Politoloq, ""Yeni Demokratiya" hərəkatının sədri Razi Nurullayev AXCP sədri Əli Kərimlinin müavini idi. Dediyinə görə, Ə.Kərimli kiçik despot kimi davranır, ətrafındakı insanları, ona inananları aşağılayır, onlardan sui-istifadə edirmiş.
Razi Nurullayev indi partiya yaradır.

Əslində, belə də olmalıydı. Çünki zaman AXCP-nin əleyhinə işləyir, siyasət tariximizin eksponatına çevirməyə başlayır.
Bu partiya indi Yuri Norşteynin "Kirpi dumanda" animasiya filminin baş qəhrəmanına bənzəyir.
Harasa getmək istəyir, yollandığı yeri bildiyini düşünür, amma dumanda azır və qəfil qarşılaşmalar onu qorxudur, səksəkəyə salır, vahimələndirir. Dumanda hər şey daha qorxulu, bədheybət təsir bağışlayır. Quş əjdahaya, ağac nəhəng yırtcıya, at isə uzaqdan gələn ağ və qorxulu canlıya bənzəyir.

Azərbaycanda daha bir intihar, dumanda kirpi və son ümid
Dumanda vurnuxma çox davam etsə də, animasiya filminin qəhrəmanı sonda istəyinə çatır.

Nə yazıq ki, AXCP üçün siyasi həyat bu film deyil və parçalanaraq gələn təşkilatın nə zamansa əvvəlki populyarlığını, kütlələrə xitab gücünü bərpa edəcəyinə inam azdır.
Daha doğrusu, yoxdur.

Reinkarnasiya cəhdi

Qədim Roma Senatının işğal etdiyi ölkələrlə bağlı siyasətini bəlirləyən "Divide et impera" ("Parçala və hökm sür") prinsipi Əli Kərimlinin başçılıq etdiyi AXCP tam əks formada gerçəkləşdirir.
İdeoloqu Fuad Qəhrəmanlı olan bu təşkilat indi radioaktiv elementlər təki parçalansa da, xassəsini itirməyəcəyini düşünürsə, yanılır. AXCP izotop deyil, fasiləsiz bölünəndə enerji yaysa da, xassələrini qorumur. Zəifləyir, halsızlaşır, süst düşür.
Əli Kərimli sədri olduğu təşkilatın daha da gücləndiyini, ölkədəki siyasi proseslərə ciddi təsir imkanlarına malik olduğunu, geniş xalq kütləsi tərəfindən dəstəkləndiyini, müxalifət düşərgəsinin avanqardı olduğunu iddia edir.
Görünən odur ki, AXCP sürəkli parçalansa da, sədr onun hökm sürdüyünü düşünür.

Elə bü səbəbdən də Razi Nurullayev partiyadan ayrılandan sonra partiya yaradıb və yeni AXCP qurduğunu bəyan etdi.
O, AXCP-dən kənarlaşdırılan, hüquqları pozulan, getməyə vadar edilən üzvlərin bir araya gəlməklə bağlı qərar verdiklərini bildirib: "Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnirlər. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir.

Azərbaycanda daha bir intihar, dumanda kirpi və son ümid

Zənn edirik, ölkədə ciddi müxalifət problemi var. Biz AXCP adına iddia edirik. Bununla bağlı cəbhəçilərlə danışıq aparmışıq. Ya Əli Kərimli partiya sədrliyindən getməlidir, ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacağıq. Hesab edirik ki, yeni partiya yaratmağa ehtiyac yoxdur. Çünki AXCP adında partiya artıq var".

AXCP Ali Məclisi Rəyasət Heyətinin sabiq üzvü Əlməmməd Nuriyevin söylədikləri maraqlıdır: "Razi Nurullayevin iddialarına görə, partiyadan qeyri-qanuni çıxarılmalar baş verib. Hazırda partiyanın üzvləri mövcud rəhbərliyi qəbul etmirlər. Partiya kiçik bir qrupun əlindədir. Bu da idarəetmədə prinsipləri pozur. Əgər doğrudan da bunlar yoxlanılıb araşdırılsa, məhkəmə də müvafiq rəyə gələ bilər".

Göründüyü kimi, Elçibəy komandasının son nümayəndələrindən olan Əli Kərimlinin sədr mövqelərinə ciddli zərbə vurulub.
Təəccüblü durum yox: Elçibəy komandası nə hakimiyyətdə olanda real işlər görə bildi, nə də hakimiyyətdən kənarlaşdırılandan sonra effektiv müxalifətçiliyi bacardı.
Razi Nurullayevin açıqlaması, onun Əli Kərimliyə ultimatum yollaması və AXCP adına iddialı olması partiyanın düşdüyü dalandan çıxış yolunun aranması kimi də qəbul oluna bilər.

Çünki Əli Kərimlinin sədrliyi ilə bu partiyanın gələcəyini yalnız bədbin ehtimallarla səciyyələndirmək olar.
AXCP sədrinin indi ətrafında olanlar sosial şəbəkələrdə, mediada özlərini və liderlərini istədikləri qədər tərifləyərək onların somnambulada olduqlarını deyənləri aşağılaya, təhqir edə bilərlər - vəziyyət dəyişmir.

AXCP labud, ağır böhrandadır

və bunun başlıca səbəbkarı Əli Kərimli ilə dəstəsidir.
Razi Nurullayayevi bundan sonra AXCP sədri və bir dəstə funksionerlə ciddi mübarizə gözləyir.
Baş verənləri revanşizm istəyi, qisas duyğusu və ya "iqtidarın sifarişi", "hakimiyyətin ssenarisi" adlandıranlar yanılırlar.
Qarşıdan parlament seçkiləri gəlir və Razi Nurullayev həddən artıq zəifləmiş AXCP-nin siyasi proseslərdə adı olub, özü duyulmayan, zəif struktur kimi iştirakını istəmir.
Onun Əli Kərimlini AXCP sədri postundan uzaqlaşdırmaq istəyi də anlaşılandır: partiyanın köklü islahatlara, dəyişikliklərə ehtiyacı var.
15 ildən bəri yalnız şüarçılıq və mitinqçiliklə siyasi fəaliyyətini bitmiş hesab edən, indi müxalifət düşərgəsinin gil ayaqlı filinə çevrilən AXCP-nin letargiya yuxusundan ayılması üçün yeganə çıxış yolu yenilənmədir.
Mövcud sədrlə hər hansı yeniliyi həyata keçirmək mümkün deyil.

Azərbaycanda daha bir intihar, dumanda kirpi və son ümid

Bunu AXCP-dən illər əvvəl ayrılanlar da deyiblər, Razi Nurullayev də təkrarlayır.
AXCP sədri Əli Kərimli isə "kürsüsündən ikiəlli yapışmış dövlət məmurları" barədə bəlağəli çıxışları çox sevsə də, dedikləri və yazdıqları ilə etdikləri kəskin ziddiyyət təşkil edir.
Tənqidə dözümsüzlük, "bizimlə olmayan bizə qarşıdır" məntiqi, hadisələri yalnız ağ-qara spektrdə dəyərləndirmək tutqusu, məğlubiyyətləri etiraf etməmək qüsuru, siyasi korafəhmlik, hadisələri qısa perspektivdə proqnozlaşdırmaq bacarığının bilmərrə yoxluğu, səhvlərdən nəticə çıxara bilməmək sindromu - AXCP rəhbərliyinin yanlış siyasətinin çatışmazlıqlarını sadalamaq xeyli vaxt aparar.

Parlament seçkilərinə çox az qalıb və görünən də budur ki, Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin siyasi aqoniyası şiddətlənib.
Bu partiyanı tam parçalanıb ölkənin müasir siyasi tarixinin elementinə, ən pis halda isə siyasi ovuğa çevrilməkdən kim xilas edəcək?
Hər halda o adam əsla Əli Kərimli deyil. Xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da satmaq gəlir gətirən iş olsa da, siyasətçinin vaxtı uzadılan "intiharı"dır.

...Avropa Birliyindəki bəzi ölkələrdə evtanaziya qanuniləşdirilib. Müalicəsiz xəstəliyə tutulan, hər günü bitmək bilməyən əzaba çevrilən insanlar həyatları ilə könüllü vidalaşmaq üçün zəhərli inyeksiya arzulayırlar. Bəzi dövlətlərdə belə insanların istəkləri nəzərə alınsa da, əksər ölkələrdə evtanaziya qətl sayılır.

Bir partiya özünü günbəgün zəiflədirsə, sonunu bilərəkdən yaxınlaşdırırsa, bu artıq evtanaziya yox, siyasi intihardır.
Həmin partiyanın lideri "bizi siyasi baxımdan bitirmək istəyirlər" desə də...

Orxan Hun
Milli.Az