Ölkəmizdəki "5-ci kolon"un üzvləri indi də terrora dəstək verirlər
AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun İŞİD-ə dəstək verən, bu terrorçu qruplaşmanı ölkəmizə dəvət edən status yazması cəmiyyətdə ciddi etiraz doğurub. Qeyd edək ki, həmin statusda İ.Kərimov açıq şəkildə İŞİD-i əmisi oğlu Əli Kərimlini bəyənməyənlərin başını kəsməyə çağırıb. Hələ bu azmış kimi öz vəhşilikləri ilə dünyanı dəhşətə salan bir terrorçu təşkilata "Azərbaycana xoş gəlirsən" kimi dəstək statusunu bir sıra AXCP üzvləri də bəyəniblər.
Demokratiyadan, insan haqlarından dəm vuran bir partiyanın üzvlərinin belə açıqlaması və terrorçulara dəstək verməsi gələcək təhlükələrin siqnalıdır.
Axır ki, AXCP funksionerləri neçə illərdən bəri gizli saxladıqları məqsədlərini ortaya qoydular. Hakimiyyətə heç vaxt sivil yolla gələ bilməyəcəklərini dərk edən partiya funksionerləri, nəhayət ki, beynəlxalq terrorçu təşkilatların köməyinə arxalandıqlarını etiraf etdilər və bu təşkilatı Azərbaycana dəvət etməkdən çəkinmədilər. Budur, Əli Kərimli və ətrafındakılarının iç üzü. Sən demə, onlar öz çirkin maraqları naminə xalqı qırğına verməyə, ölkəni terror dəhşətinə sürükləməyə hazırdırlar. Belə aydın olur ki, əgər Əli Kərimli hakimiyyətə gəlsəydi, onun ətrafındakılar İŞİD terrorçuları kimi insanların başını kəsər, xalqa zülm edərdilər.
AXCP-nin mətbuat xidməti isə açıqlama yayaraq, guya məsələyə aydınlıq gətirib. Guya İnqilab Kərimov sözügedən facebook statusunu ironiya və zarafatyana yazıbmış. Ancaq bu status çox şeydən xəbər verir. Xatırlayırsınızsa, bir müddət öncə "Milli Şura"nın mitinqlərinin birində İŞİD bayrağının ortaya çıxması heç də təsadüfi deyilmiş. İndi də facebook-da məlum status bunların kimliyini bir daha nümayiş etdirdi.
Məsələnin hüquqi tərəfinə gəlincə, ekspertlər, siyasətçilər bildirirlər ki, İnqilab Kərimovun statusu terrora çağırışdır. Bu, birmənalı şəkildə ağır cinayət tərkibi yaradan əməldir.
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, AXCP sədri Əli Kərimlinin əmisi oğlunun facebook-da İŞİD-ə dəstək statusu yazması bu adamların əsl iç üzünü açıb ortaya qoyur: "Əgər bunların içərisindən belə bir istəklər keçirsə, bu artıq onların mahiyyətidir. Odur ki, Azərbaycan cəmiyyəti belə insanları qəbul etmir və onları siyasi palitradan kifayət qədər sıxışdırıb bir kənara qoyub".
Deputatın sözlərinə görə, AXCP adlı qurumda xalq cəbhəsi hərəkatından adın bir hissəsini oğurlamaqdan başqa heç nə qalmayıb: "Mən o təşkilatı təsis edən 64 nəfərdən biriyəm. Amma indi AXCP-də bir nəfər də təsisçi yoxdur, belə ünsürlər orada yığılıblarsa, bu, onların mahiyyətidir".
F.Quliyevin fikrincə, AXCP "Milli Şura"da təmsil olunmaqla sübut etdi ki, xoşbəxtliklərini başqa dövlətlərin Azərbaycandakı maraqları çərçivəsində axtarırlar. Hər kəsin şəxsi və qrup maraqları ola bilər. Ancaq dövlət maraqları bunlardan öndə olmalıdır. Bu təşkilatın və onun "lider"inin mahiyyəti Azərbaycan əleyhinə iş aparılanda sevinib əl çalmaqdır. Bu cür hallar ictimaiyyət tərəfindən qınanmalıdır".
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə hesab edir ki, belə bir təhlükəli məsələ ilə bağlı hər hansısa statusun yazılması mütləq araşdırılmalıdır. Çünki bu gün Yaxın Şərqdə baş verən hadisələr, İŞİD kimi terrorçu təşkilatın mövcudluğu dünya ölkələri üçün təhlükədir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu terror təşkilatı islam dini pərdəsi altında öz maraqlarını həyata keçirir: "Əli Kərimlinin yaxın qohumunun, AXCP üzvünün İŞİD terror təşkilatını dünyanın sakit bir adası adlanan Azərbaycana çağırması, terrorçulara dəstək verməsi təhlükəli məqamdır. Hesab edirəm ki, heç bir qorxu hissi olmadan sosial şəbəkələrdə belə bir statusun yazılmasının arxasında başqa məqsədlər dayana bilər".
Deputatın sözlərinə görə, Əli Kərimlinin əmisi oğlunun belə bir status paylaşması AXCP-nin antiazərbaycançı şəbəkələrin tapşırıqlarını yerinə yetirdiyini bir daha təsdiqləyir. Ona görə də ölkə ictimaiyyəti bu məsələ ilə bağlı ciddi irad bildirsə də, müvafiq strukturlar məsələni dərindən araşdırmalıdır. Çünki bu, açıq-aşkar terrora çağırışdır və bunun arxasında hansısa məqsədlər, niyyətlər ola bilər.
"Azərbaycan" qəzeti