ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdə ümumilikdə yaxşı nəticə göstərdiyini bildirib.
Metbuat.az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.
“Hazırda o, kifayət qədər yaxşı vəziyyətdədir”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Trampın sözlərinə görə, İsraildə seçki məntəqələri bağlandıqdan dərhal sonra Netanyahunun seçkidəki perspektivləri ilə bağlı ona “dəhşətli xəbərlər” çatıb. Lakin sonrakı nəticələr bu narahatlıqların tam əsaslı olmadığını göstərib.
“Mənim dəstəyimin Benyamin Netanyahunun uğurunda əhəmiyyətli rol oynadığını eşitmişəm”, – deyə ABŞ lideri əlavə edib.
Jurnalistin Netanyahunun rəhbərliyi altında İsraildə hökumətin formalaşdırılması prosesinə Trampın mümkün dəstəyi ilə bağlı sualına ABŞ Prezidenti əvvəl bu barədə düşünmədiyini, lakin məsələni nəzərdən keçirəcəyini bildirib.
Qeyd edək ki, səslərin 85 faizi hesablandıqdan sonra Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya parlamentdə 53 mandat qazanıb. Müxalifət koalisiyası isə 48 mandatla təmsil olunur.
Ərəb partiyaları olan “Ra’am” və “Birləşmiş Siyahı”nın ümumilikdə 19 mandat əldə edəcəyi gözlənilir. İsrail parlamentində hökumət qurmaq üçün ən azı 61 mandat tələb olunur.