Naxçıvan, 20 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tariximizin, mədəniyyətimizin və miqrasiya sahəsində qanunvericiliyin öyrədilməsi üçün kurs təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sentyabr ayının 1-dək davam edəcək kursun birinci məşğələsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Rahib Kərimov tədbirin əhəmiyyəti haqda danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Həsən Kərimov və Pərvin Həsənov tariximiz, mədəniyyətimiz və milli musiqimiz haqda tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı zəngin tarixə malikdir. Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınıb. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanıb. Bu dövr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.
Məşğələdə tariximizdən, milli mədəniyyətimizdən və mədəniyyətimizin inkişafına Ulu Öndərimizin böyük qayğısından bəhs edən filmlər nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, kursun növbəti məşğələlərində xalqımızın adət-ənənələri, turizm imkanları və tarixi abidələri, dövlətçilik tarixi, ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu haqda iştirakçılara məlumat veriləcək, əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqi vəziyyəti, olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, onlara iş icazələrinin verilməsi qaydaları barədə söhbət açılacaq. Bundan başqa, iştirakçılar muxtar respublikada fəaliyyət göstərən bir sıra muzeylərlə də tanış olacaqlar.