Naxçıvan, 22 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanası ürək-damar xəstəlikləri şöbəsinin kardiocərrahı Seymur Musayevin rəhbərlik etdiyi 11 nəfərlik heyət bu il yeddinci dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunub.
Heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verib, 14 nəfər üzərində isə açıq ürək əməliyyatı aparılması qərara alınıb. 7 kardioloji xəstə üzərində açıq ürək-aortakoronar şuntlama, qulaqcıqlararası qüsurun aradan qaldırılması, süni qapaqcıqların qoyulması, fallo tetradası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparılıb. Bir xəstə üzərində isə qarın aortasının anevizması icra olunub.
Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır. Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak edirlər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunmuş daha bir yüksəkixtisaslı həkim – akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi uşaq kardiocərrahiyyə şöbəsinin invaziv kardioloqu Elnur İmanov əvvəlcədən qeydiyyata alınmış 21 xəstə üzərində yerli həkimlərlə birgə exokardioqrafiyanın çəkilməsi və müalicəsi ilə məşğul olub, əməliyyata ehtiyacı olan anadangəlmə ürək qüsurlu uşaqları müəyyənləşdirərək onların qapalı əməliyyatına göstəriş verib.
Ümumiyyətlə, bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahiyyə şöbəsi ilə birgə 96 nəfərdə müayinə, 58 nəfərdə açıq ürək əməliyyatı aparıb. Həmçinin Diaqnostika-Müalicə Mərkəzinin həkimləri tərəfindən ötən yarımildə 120 nəfərdə koronarangioqrafiya əməliyyatı aparılıb, ehtiyacı olan 16 nəfərə stent qoyulub.