[ 27 Yanvar 2015 15:27 ]
Fransanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, bu barədə səfir Paskal Monyenin Azərbaycan rəhbərliyinə göndərdiyi təşəkkür məktubunda deyilir.
Onun sözlərinə görə, bu qətllər yalnız Fransa ilə yanaşı bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə qiymət verən hər bir kəsi kədərləndirib:
“Birinci qətl ilə bağlı məlumat yayıldıqdan dərhal sonra prezident İlham Əliyev prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlayıb, Mehriban Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərib, maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından başsağlığı kitabına ürək sözlərini yazıb, baş nazirin müavini Əli Əhmədov isə Azərbaycanın terrorizmlə mübarizədə öhdəliyinə sadiqliyini nümayiş etdirmək üçün yanvarın 11-də Parisdə Respublika Yürüşündə bir çox ölkələrdən gəlmiş siyasi liderlərlə birlikdə iştirak edib. "Charlie Hebdo" redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün qətlə yetiriliblər, bu vəhşiliyi törətmiş iki terrorçu islama zidd hərəkət ediblər. Kaşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə öldürülüblər. Bu vəhşiliyə haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepsiyası ilə uyğunluq təşkil edir.
Bilirəm ki, "Charlie Hebdo" tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmanların hisslərinə toxunub. Mən bunu anlayıram, lakin Fransanın xarici işlər naziri Loran Fabiusun dediyi kimi burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın təcrübəsi nə bu gün, nə də gələcəkdə qəbul ediləcək.
Məktubda qeyd olunub ki, məhkəmənin müstəqil olduğu Fransa kimi demokratik ölkədə qanun hər bir vətəndaşı qorumaq üçündür: “Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir. Əlavə edim ki, satirik qəzet olan "Charlie Hebdo" yarandığı gündən etibarən dünyada baş verən hadisələri karikaturalar və məqalələr vasitəsilə sorğulayır, bütün mövzulara, bütün dinlərə toxunur. İslam qəzetin xüsusi hədəfi olmayıb və bu gün də deyil. Fransanın baş naziri Baş Assambleyanın qarşısında bildirib ki, müsəlmanlara qarşı yönələn hərəkətlər, antisemitizm hərəkətləri kimi qətiyyətlə cəzalandırılacaq. İlin əvvəlində baş vermiş bu zorakılıqdan sonra arzu edirəm ki, düşüncə kortəbii zorakılığa, fərqliliyə hörmət isə fanatizmə üstün gəlsin və digərinə hörmət nifrətdən daha güclü olsun”.