Bakı, 24 avqust, AZƏRTAC
Filippində tüğyan edən güclü "Qoni" qasırğası qurbanlarının sayı 26 nəfərə çatıb. Hazırda tropik qasırğasının mərkəzində küləyin sürəti saatda 180 kilometrə, bəzi hallarda isə 255 kilometrə çatır. Təbii fəlakət bölgəsində dəniz dalğalarının hündürlüyü 12 metrə qədər qalxır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların əksəriyyəti ölkənin şimalında yerləşən Luson adasındakı Mankayan şəhəri yaxınlığında salınmış şaxtaçı düşərgəsində torpaq sürüşməsi zamanı həyatını itirib. Yerli hökumət sürüşməyə leysanların səbəb olduğunu bildirib.
Xilasedici xidmətin nümayəndəsi hazırda 13 şaxtaçının cəsədinin aşkarlandığını deyib. Dağıntılar altında qalanların dəqiq sayı bəlli olmadığından təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.
Qasırğa nəticəsində 47 ev tamamilə dağılıb, mindən çox ev isə ciddi xəsarət alıb. 72 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qeyd edək ki, Koreya dilində qu quşu mənasını verən "Qoni" bu mövsümdə Sakit Okean üzərində baş verən 15-ci qasırğadır. Hazırda Yaponiyanın Okinava ada-prefekturasında qərar tutan qasırğa şimala – Kyusyu adasına və Koreya yarımadasının şərq sahillərinə doğru hərəkətini davam etdirir.