Kiyev, 24 avqust, AZƏRTAC
Ukrayna rezidenti Pyotr Poroşenko Donbasda vəziyyətin sülh yolu ilə nizama salınmasına alternativin olmadığını vurğulayıb. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, prezident bu fikri avqustun 24-də Ukraynanın müstəqilliyinin 24-cü ildönümü münasibətilə təntənələrdə çıxışında səsləndirib.
Ukrayna dövlətinin başçısı deyib: “Ukrayna üçün sülh yollu ilə nizamasalmanın alternativi yoxdur. Hazırda Minsk razılaşmaları da alternativsizdir”.
O, həmçinin bildirib ki, Ukraynanın hakimiyyət orqanları Silahlı Qüvvələrə xərcləri çoxaldacaq, hərbi qulluqçuların pulla təminatını artıracaq, ordunun müqavilə üzrə xidmət edən hissəsini gücləndirəcək.
P.Poroşenko eyni zamanda vurğulayıb ki, çağırışın ləğv ediləcəyinə və yeni səfərbərlik dalğasının olmayacağına söz vermir. Onun sözlərinə görə, 6 səfərbərlik dalğası müddətində 210 min adam hərbi xidmətə cəlb olunub.
Ukrayna prezidenti Donbasda vəziyyətin kəskinləşməsi məsələsini Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland ilə müzakirə etmək üçün bu gün Berlinə yola düşəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev