Bakı, 25 avqust, Samirə Quliyeva, AZƏRTAC
Asiya İnkişaf Bankın (AİB) təklif etdiyi Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı üçün kredit üzrə fakt araşdıırıcı missiyası avqustun 24-dən Azərbaycanda səfərdədir.
Bankın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-dək davam edəcək səfər çərçivəsində missiyaya AİB-in enerji məsələləri üzrə baş mütəxəssisi Tianhua Luo rəhbərlik edir. Missiya Azərbaycan hökuməti və “Azərişıq” ASC ilə layihənin qiyməti, maliyyələşdirmə və həyata keçirilmə planına, satınalma və digər məsələlərə aid olan sənədlərin müzakirəsini aparacaq.
Missiyanın gəlişi respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədilə AİB və Azərbaycan hökuməti arasında bu il mayın 5-də Bakıda keçirilmiş AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində imzalanmış Anlaşma Memorandumunun nəticəsidir.
AİB təklif etdiyi investisiya proqramını 750 milyon dollar məbləğində Çoxtranşlı Maliyyələşmə Mexanizmi vasitəsilə dəstəkləyəcək. Proqramın ilk mərhələsi üçün 250 milyon dolların ayrılması nəzərdə tutulur. Vəsait elektrik xətlərinin, yarımstansiyaların yenilənməsi və təkmilləşməsi, rəqəmsal elektrik sayğaclarının quraşdırılması üçün xərclənəcək. “Azərişıq” ASC-nin operator və maliyyə potensialının inkişaf etdirilməsi də proqramda nəzərdə tutulur. Azərbaycan hökumətinin investisiya proqramı çərçivəsində 250 milyon dollar xərcləyəcəyi gözlənilir.