Bakı, 26 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq şansından istifadə etməliyik. Bunu futbolçular da dərk edirlər. Azarkeşlər bizdən qələbə gözləyirlər. Avroliqanın qrup mərhələsində iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün təkan ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqası yarışlarının play-off mərhələsi çərçivəsində “Yanq Boyz” kollektivi ilə cavab matçından əvvəl keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, rəqib təhlükəli komandadır və onun hücum xətti çox güclüdür. Statistikaya baxsaq, rəqib bizdən üstündür. Onların fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, onların qarşısını kollektiv oyunla alaq. Sabah hər birimizi maraqlı oyun, gərgin mübarizə və sürətli futbol gözləyir. Bəzən bir qol, bəzən isə qolsuz heç-heçə də oyunda kifayət edir. Qoy, nəticə bizim xeyrimizə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözəlliyi qoldur. Ona görə də biz komandamızın hücumlarda daha kəsərli olmasına çalışırıq.
Q.Qurbanov qeyd edib ki, penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər lotereya kimidir. Ay ərzində hər bir futbolçunu penaltilərə hazırlaşdırırıq.