Samirə Əliyeva rayon mərkəzində süründürməçiliyə etiraz olaraq özünə od vurdu

Bu gün Biləsuvarın mərkəzində rayon sakini Sosial Müdafiə Fondunun yerli şöbəsinin qarşısında özünü yandırıb. Rayon sakinlərinin APA-ya verdikləri məlumata görə, rayonun Əmənkənd kənd sakini, 1974-cü il təvəllüdlü Samirə fondun yerli şöbəsinin əməkdaşlarının süründürməçiliyinə özünü yandırmaqla etirazını bildirib. Yaxınlıqdakı sakinlər onu dərhal rayon mərkəzi xəstəxanasına yerləşdiriblər.

Xəstəxananın baş həkimi Şamil Cəfərov APA-ya açıqlamasında faktı təsdiqləyib. Baş həkim deyib ki, S. Əliyeva 3 və 4-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya daxil olub.
Ona dərhal ilkin tibbi yardım göstərilib.

Hazırda xəstənin vəziyyəti orta-ağırdır. Bədəninin bir hissəsi tamamilə yanıb. Ş. Cəfərov xəstənin sabah Bakıya göndəriləcəyini də istisna etməyib.

Faktla bağlı rayon prokurorluğunda artıq araşdırma başlayıb.