Bakı, 4 sentyabr, AZƏRTAC
"PAŞA Bank" "Biznes Dialoq" biznes-klubunun təşkilati dəstəyi ilə "Gənc Sahibkar Məktəbi"nin şagirdləri üçün "Açıq qapı" günü keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində uşaqlar üçün əyləncəli "Kredit və depozit nədir?", "Plastik kartlar nə üçün lazımdır?", "Evdən bank əməliyyatları" və s. mövzularda təqdimatlar edilib. "PAŞA Bank"ın əməkdaşları təşkilatda işə qəbul prosesi, fəaliyyətin qiymətləndirilməsi və hər bir əməkdaşın ixtisasının artırılması proseslərinin necə aparıldığı barədə məlumat veriblər.
Şagirdlər, həmçinin banka ekskursiya edərək müvafiq departamentlərin təşkilatının fəaliyyət strategiyasını necə hazırladığını, müştərilərə xidmət prosesinin necə qurulduğunu, bankın treyderlərinin necə işlədiyini və bir çox başqa məsələləri öyrəniblər. Tədbirin sonunda "Gənc Sahibkar Məktəbi"nin şagirdlərinə xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, "PAŞA Bank" "Açıq qapı" gününü Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya bankları ilə əməkdaşlıqda reallaşdırdığı "Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirib.