Tokio, 5 sentyabr, AZƏRTAC
Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) 20 kilometr məsafədə yerləşən Naraha şəhərinin təxliyə olunmuş sakinlərinə evlərinə qayıtmağa icazə verilib. Hökumət tərəfindən bu barədə qərar zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər başa çatdırıldıqdan sonra qəbul edilib.
Beləliklə, AES-də qəza baş verməzdən əvvəl Naraha şəhərində yaşamış 7,3 min nəfər öz evlərinə dönə bilər. Hazırda onların əksəriyyəti 30 kilometr cənubda yerləşən İvaki şəhərində məskunlaşıb. Hələlik sakinlərin yalnız 10 fazi evlərinə qayıtmaq niyyətində olduğunu bildirib.
Hökumət orqanları Narahada aparılan təmizlik işlərinin başa çatdırıldığını bəyan etsə də, burada infrastruktur tam bərpa olunmayıb. Belə ki, şəhərdə cəmi üç mağaza fəaliyyətini bərpa edib, səhiyyə və sosial müəssisələr işləmir. Hökumət strukturları onların fəaliyyətini oktyabrın sonlarınadək bərpa edəcəklərini bildirirlər.
Yaponiya hökuməti Fukusima prefekturasının bir çox rayonlarında təxliyə rejimini 2016-cı maliyə ilinin sonunadək ləğv etməyi planlaşdırsa da, həmin ərazilərdə hələ də radiasiyanın yüksək olması səbəbindən bu planı dəyişdiriləcək.
Xatırladaq ki, 2011-ci ilin martında Hönşü adasının şimal-şərqində baş verən dəhşətli zəlzələ və sunami nətiəsində 18 minədək insan həlak olmuş və ya itkin düşmüşdü. Təbii fəlakət nəticəsində “Fukusima-1” AES-də baş verən qəza radioaktiv maddələrin ətrafa yayılmasına səbəb olmuşdu ki, bu da 80 min insanın təxliyəsi ilə nəticələnmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio