Azərbaycan Güləş Federasiyası qurumun loqosunu yeniləmək qərarına gəlib

Azərbaycan Güləş Federasiyası qurumun loqosunu yeniləmək qərarına gəlib
13:53 28 Yanvar 2015
379 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Azərbaycan Güləş Federasiyası (AGF) qurumun loqosunu yeniləmək qərarına gəlib.
Bu məqsədlə peşəkar dizaynerlər arasında loqo müsabiqəsi elan edilir.
AGF-dən AzərTAc-a bildiriblər ki, müsabiqənin şərtlərinə görə, loqo dizaynı özündə federasiyanın fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməli, ölkə güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirməli, dizayn orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.
Təklif olunacaq eskiz və layihələr fevralın 1-dən 22-dək press@awf-az.org e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi, 55, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təqdim olunan təkliflərə xüsusi komissiya tərəfindən fevralın 28-dək baxılaraq müsabiqənin qalibi elan ediləcək. Müsabiqənin qalibi 1000 manat məbləğində pul mükafatı və federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq.
Qalib gəlmiş loqo federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov loqo dəyişikliyi ilə bağlı müsabiqə elan edilməsinin zəruriliyini dövrün tələbi ilə əlaqələndirib. Qeyd edib ki, bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası da belə bir addım atdı, həm qurumun adı, həm də loqosu dəyişdirildi. Hər bir qurum mütəmadi olaraq re-brendinq edir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası öz fəaliyyətində daim yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan, artıq uzun müddətdir ki, istifadə etdiyimiz loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edirəm.
Baş katib vurğulayıb ki, təqdim olunacaq layihələrə federasiyanın prezidenti Fazil Məmmədovun və birinci vitse-prezident, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə ehtiva edən, federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Gules_Federasiyasi_qurumun_loqosunu_yenilemek_qerarina_gelib-828015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR