Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. Həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarıb.
AZƏRTAC xəbər verir ki, ötən müddətdə hava limanının aerovağzal kompleksinin yenidən qurulması sərnişin və aviadaşımalarla bağlı xidmətin səviyyəsini daha da yüksəltməyə imkan yaradıb.
Hazırda terminal binasında yenidənqurma işləri davam etdirilir. Sərnişinlərin rahatlığının təmin olunması üçün burada iki eskalator və iki iritutumlu lift, binadan təyyarə dayanacağınadək iki keçid körpü və iki teleskopik trap quraşdırılıb. Bu traplar vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər.
Ümumi sahəsi 1060 kvadratmetr olan yeni gözləmə zalında son tamamlama işləri görülür. Burada xidmətin nümunəvi təşkili, qonaqların qarşılanıb yola salınması, aviasiya və gömrük xidmətinin təmin edilməsi üçün hərtərəfli şərait yaradılacaq, kafe və mağaza fəaliyyət göstərəcək. Bu işlər yekunlaşdıqdan sonra digər zal da yenidən qurulacaq və beləliklə, sərnişinlər hər iki keçiddən rahatlıqla istifadə edə biləcəklər.
Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal kompleksində beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilir. Aerovağzal kompleksinin yenidən qurulması işləri çərçivəsində həyata keçirilən tədbirlər illik sərnişin və yükdaşıma dövriyyəsinin artmasına da şərait yaradacaq.

