Qahirə, 9 sentyabr, AZƏRTAC
Fələstinin WAFA informasiya agentliyinin verdiyi məlumata görə, Fələstin Prezidenti Mahmud Abbas Avropa Şurasının sədri Donald Tusku Ramallahda qəbul edib.
Mahmud Abbas Avropa Şurasının başçısına Fələstin ərazilərində cari vəziyyət haqda, habelə İsrail hökumətinin barışmaz mövqeyi ilə əlaqədar, siyasi prosesdə yaranmış böhran barədə məlumat verib. Onun sözlərinə görə, Fələstin sülh prosesində irəliləyişə nail olmaq üçün göstərilən bütün beynəlxalq səyləri müsbət qarşılayır, lakin İsrail hökuməti tərəfindən bu ərazilərdə məskənlər salınması siyasətinin israrla davam etdirilməsi tənzimləməyə yönəlmiş bütün səyləri puç edir. Fələstin rəhbəri dinc yolla tənzimləmə prosesində Avropanın mühüm rolunu xüsusi vurğulayaraq qeyd edib ki, bu rol Avropanın Fələstinə təqdim etdiyi böyük iqtisadi dəstəyə uyğun olmalıdır.
Donald Tusk da öz növbəsində Avropanın Fələstində və regionda sülhə və sabitliyə nail olmaq üçün göstərilən səylərin bundan sonra da dəstəklənəcəyini təsdiqləyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə