Bakı, 10 sentyabr, AZƏRTAC
Builki parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə yeni layihəyə start verib.
Layihə gənclərin seçki prosesinə geniş cəlb olunması üçün işin istiqamətlərini və daha səmərəli formalarını müəyyənləşdirmək və həyata keçirmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, Birliyin sədri Samirə Mustafayeva artıq rayonların bir çoxunda gənclər arasında müvafiq sorğular keçirildiyini bildirib.
Sorğunun nəticələri gənclərin seçkilər barədə hüquqi biliklərinin səviyyəsi və seçki fəallığı barədə proqnoz əldə etməyə, seminar və treninqlərin mövzularının dəqiqləşdirilməsinə imkan verəcək. Bundan başqa, layihə çərçivəsində mətbuatda mütəxəssislərin seçkilərlə bağlı çıxışları təşkil olunacaq. “Gənc seçıci” adlı buklet hazırlanaraq çap ediləcək və geniş şəkildə paylanacaq. Respublikanın 10 regionunda seminarlar təşkil olunacaq. Diqqəti cəlb etmək üçün iştirakçılara üzərində seçkilər yazılmış köynək və papaqlar paylanacaq.
S.Mustafayeva qeyd edib ki, layihə nəticəsində ilk dəfə səs verəcək gənclər hüquqi və praktiki cəhətdən seçkilərdə iştiraka hazır olacaq, onların siyası fəallığı yüksələcək.