Bakı, 11 sentyabr, AZƏRTAC
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Sabunçu rayon İcra Hakimiyyətinin, Beynəlxalq Əmək Təşkilatının, ƏƏSMN-nin sosial xidmət müəssisələrinin, rayon Sosial Müdafiə Mərkəzlərinin nümayəndələri iştirak etdilər.
ƏƏSMN-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin, eləcə də nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin, Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərinin sülh mövzusuna həsr olunmuş yaradıcılıq işlərindən ibarət “Biz sülh istəyirik” adlı sərgi və ədəbi-musiqili kompozisiya təqdim olundu.
Sərgidə qeyd olunan mövzuda 200-dək əl işi nümayiş etdirildi.
Qonaqlar mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun səviyyədə yaradılmış şəraitlə də yaxından tanış oldular.
Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib
Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib