Bakı, 15 sentyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olub qeydiyyatdan keçmiş şəxslərə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 30-dək əmək müqaviləsi bağlamaq üçün həmin şəxslərin qəbul olduqları klinik bazalarda olmaları vacibdir. Klinik bazalarda rezidentura hazırlığı isə oktyabrın 1-dən başlanır.
Rezidenturaya qəbul olunanlar ali əsas tibb təhsili haqqında diplom, tərcümeyi-hal, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası (mövcud olduğu halda), dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda), soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd, 2 ədəd 3 x 4 ölçüdə fotoşəkil təqdim etməlidirlər.