Bakı, 15 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valterlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb.
Elmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-1994-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və ərazilərinin işğalı qınanılır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiqləndiyini deyən nazir bu sənədlərdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini diqqətə çatdırıb.
Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasıyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini bildirib. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən E.Məmmədyarov münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarla Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini deyib.
Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsi ilə Ermənistan tərəfinin Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasını qeyd edib və ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını bildirib.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada Minsk qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. Əlavə edib ki, Minsk qrupunun bütün üzvləri, eləcə də müqabil beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin digər müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.