Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Pakistanın İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro ilə görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun fəaliyyəti ilə tanışlıq və AMEA ilə əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olub.
M.Sumro rəhbərlik etdiyi fondun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, təşkilata üzv ölkələr arasında elmi əməkdaşlıq imkanları, kadr və təcrübə mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Qonaq AMEA ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın böyük və şərəfli tarixə malik olduğunu, cari ilin noyabrında bu elm ocağının 70 illik yubileyinin keçiriləcəyini qeyd edib. Alim qonağa AMEA-da aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər və elmi araşdırmalar barədə də məlumat verib. Fondun fəaliyyətini yüksək qiymətləndirən AMEA-nın rəhbəri M.Sumronu müvafiq sahələrdə elmi əməkdaşlıq və birgə layihələrdə iştirak etməyə dəvət edib.
Sonra qonaq akademiyanın bir sıra institut və təşkilatlarının fəaliyyəti və əldə etdikləri elmi nailiyyətləri ilə yaxından tanış olub.