Bakı, 16 sentyabr, AZƏRTAC
“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sentyabrın 15-dən “Vətənin ucalığı hünərdən keçər!” adlı layihənin icrasına başlayır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik hissini tərbiyə etmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu şərəfli yolda həyatını və sağlamlığını itirmiş soydaşlarımızı daha yaxından tanıtmaqdır. Layihənin hazırlıq mərhələsi bitdikdən sonra ekspertlərin iştirakı ilə ali təhsil ocaqlarında tələbələrlə görüşlər keçiriləcək. Həmçinin Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli tərəfindən keçirilən təlimlərdə Qarabağ müharibəsinin səbəbləri, başlanması və gedişatı, igid döyüşçülərimiz, həyata keçirilən əməliyyatlar, işğal olunmuş rayonlar və bu işğalın acı nəticələri, yeni faktlar və s. haqqında məlumatlar veriləcək. Təlimlərlə yanaşı, döyüşçülər və şəhid ailələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Yeni məlumatları əldə edilməsi üçün Daşkəsən, Şəmkir, Göygöl və Gədəbəy rayonlarına, Gəncə şəhərinə səfərlər təşkil olunacaq. Layihənin nəticələrinə həsr olunmuş tədbir Şəmkirdə keçiriləcək. Dörd ay davam edəcək layihədə Bakı Dövlət Universitetinin tarix fakültəsinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak edəcəklər.