Bakı, 16 sentyabr, AZƏRTAC
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ADMİU-da ilk dərs günü Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində səfir Ciampaolo Kutillonun “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirəsi dinlənilib.
Qonaq, əvvəlcə universitetin rektoru, professor Fərəh Əliyeva ilə görüşərək bu ali məktəbin fəaliyyəti ilə yaxından tanış olub.
Daha sonra səfirin tələbə və müəllim heyəti ilə görüşü keçirilib. Görüşdə Ciampaolo Kutillo İtaliyanın tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə məlumat verib. Səfir Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən söz açıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir Ciampaolo Kutillo “Milan Expo 2015” Ümumdünya sərgisində ölkəmizin möhtəşəm şəkildə təmsil olunmasını və dövlətlər arasında ən gözəl pavilyonun məhz Azərbaycana aid olduğunu vurğulayıb.
Görüşün sonunda C.Kutillo tələbələrin suallarını cavablandırıb və universitetin binası ilə yaxından tanış olub.
İtaliyanın Azərbaycandakı səfiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub