Beyləqan, 18 sentyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 18-də Beyləqandə vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Beyləqan, Füzuli, Ağcabədi və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşlar əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı müraciət ediblər. Bir çox vətəndaşın müraciəti onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı olub. Qəbulda pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Komitə sədri diqqətə çatdırıb ki, artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlər aparılır. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu işlərin görülməsi ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşəcək. Beləliklə də dövlətin müxtəlif kateqoriyalı torpaq sahələrinin səmərəli idarə edilməsinə, təyinatına uyğun istifadəsinə effektiv nəzarəti həyata keçirməsinə imkan yaranacaq. Eyni zamanda, vətəndaşların müxtəlif təyinatlı torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daha operativ və dəqiq aparılması təmin ediləcək.
Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilir. Artıq daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə çıxarış alınması və torpaq sahələrinə texniki sənədlərin verilməsi mümkündür. Komitə sədri komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın sosial əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu tədbirlərin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.
Kərəm Həsənov torpaq sahələrinin mühafizəsi və təyinatına uyğun istifadəsi məsələlərinə də toxunub. Bildirilib ki, torpaqların kateqoriyalarına uyğun istifadəsi ilə bağlı hüquqi tələblərə riayət olunması, mühafizə zonalarına dair qaydaların gözlənilməsi zəruridir. Mühafizə zonalarında, eləcə də təyinatına uyğun olmayaraq torpaq sahələrində özbaşına tikintilərə yol verilməsi qanuna ziddir.
Qəbulda iştirak edən vətəndaşlar bir ünvanda qeydiyyat prosedurlarının tətbiqindən, göstərilən qeydiyyat xidmətlərindən razılıqlarını bildiriblər.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.