Bakı, 19 sentyabr, Ceyhun Alışov, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində sənətkarın "Leyli və Məcnun" operası növbəti dəfə tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, dirijoru Əməkdar İncəsənət xadimi, xormeyster Sevil Hacıyeva olan və teatrın yaradıcı kollektivinin ifasında səhnəyə qoyulan tamaşa böyük ustalıqla nümayiş olunub. Üç pərdədən ibarət olan tamaşada baş rolları Xalq artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa ediblər. İfaçıların səhnə plastikası, səs imkanları və aktyorluq məharəti üzərilərinə götürdükləri işin öhdəsindən uğurla gəlmələrinə imkan verib.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, 1907- ci ildə Üzeyir Hacıbəyli tərəfindən yazılan və 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun" operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman şərqində opera janrının əsasını qoyub.