İstanbul, 21 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Opera günləri” İstanbuldan sonra Şimali Kiprdəki qədim Bellapais Monastırında davam etdirilib.
Görkəmli qırğız sənətçisi, türk dünyasının sevimlisi Bolot Mincılkıyevin xatirəsinə həsr olunan builki “Opera günləri”ndə ölkəmiz Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor), o cümlədən balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılovdan ibarət heyətlə təmsil olunur.
Konsertlərin davamı sentyabrın 23-24-də Türkiyənin Antalya şəhərində keçiriləcək. Bundan başqa, “Opera günləri”ndə təmsil olunan sənətçilər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 5-dən 24-dək Antalyada keçirdiyi 22-ci “Beynəlxalq Aspendos opera və balet festivalı”na da qatılacaqlar.
Xatırladaq ki, “Opera günləri”ndə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından, Çin və Şimali Kiprdən 24 tanınmış sənətçi iştirak edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul