Astaralı əlil qadının ilmələrlə yaratdığı sənət əsərləri

Astaralı əlil qadının ilmələrlə yaratdığı sənət əsərləri
19:23 29 Yanvar 2015
556 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 29 yanvar, Bağır Əliyev, AzərTAc
Astara rayonunun Şümrüd kəndində əlil kimi dünyaya göz açan Şahxanım Zülfüqarovanın toxuduğu kilim və xalçalar, tikmə nümunələri orijinallığı ilə seçilir.
AzərTAc xəbər verir ki, 14 yaşından ömrünü bu nəcib sənətə həsr edən Ş. Zülfüqarovanın heç kimə bənzəməyən sənət dünyası zəngin olduğu kimi, diqqəti cəlb edəndir.
Onun yaşadığı birotaqlı mənzili sanki muzeyi xatırladır. Toxuduğu sənət nümunələri bu otaqda səliqə ilə sərgilənib. Müxtəlif ölçüdə, milli ornamentlərlə, zövq oxşayan rənglərlə ərsəyə gələn xalçalar, kilimlər, müxtəlif tikmə nümunələri əsl sənət əsərləridir.
Əlil qadının əl işləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin portretlərinin, üçrəngli bayrağımızın, gerbimizin həkk olduğu xalçalar maraqlı kompozisiyalarla toxunub. Onun ərsəyə gətirdiyi xalq artisti Zeynəb Xanlarovanın portretinin əks olunduğu xalı da diqqəti cəlb edən sənət nümunəsidir.
Şahxanım Zülfüqarova uşaq yaşlarından Zeynəb Xanlarovanın pərəstişkarı olduğunu, işləyərkən onun mahnılarının zümzümə etdiyindən zövq aldığını da gizlətmədi.
Uzun müddət doğulduğu Şümrüd kəndində kitabxanada işləyən Ş. Zülfüqarova 1992-ci ildə ailə həyatı qurduqdan sonra Kijabə qəsəbəsinə köçüb. Onun əl işləri dəfələrə rayonda və respublikada keçirilən sərgilərdə, müsabiqələrdə nümayiş etdirilib, mükafatlara layiq görülüb.
2000-ci ildə əlillərin IV Ümumrespublika sərgi-müsabiqəsində, 2009-cu ildə “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” çərçivəsində və “Həvəskarlar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” mövzusunda respublika sərgisində, 2012-ci ildə II Respublika dekorativ-tətbiqi sənət festivalında, əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində, 2013 və 2014-cü illərdə ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgilərdə layiq görüldüyü mükafatlar, fəxri fərmanlar və diplomlar onun istedadlı xalçaçı olduğunu bir daha təsdiqləyir.
Hazırda Şahxanım Zülfüqarova sənətinin sirlərini Astara şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən tətbiqi və təsviri sənət studiyasının gənc qızlarına böyük həvəslə öyrədir.
İkinci dərəcəli əlil qadının müştəriləri də az deyil. O, qəbul etdiyi sifarişlər əsasında da gözəl sənət nümunələri yaradır. Həvəskar xalçaçının ən böyük arzusu mənzil şəraitinin yaxşılaşdırılması, toxuduğu xalıların, kilimlərin, tikmələrin əks olunduğu albomun nəşr edilməsi, rayonda və respublikada əl işlərindən ibarət fərdi sərgisinin açılmasıdır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarali_elil_qadinin_ilmelerle_yaratdigi_senet_eserleri-828440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR