Bakı, 21 sentyabr, AZƏRTAC
Finlandiyanın Roveniemi şəhərində 31-ci kişilər və 22-ci qadın Usta ağır atletləri arasında dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 58 ölkədən 500 idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirlərdən daim qələbələrlə dönən Azərbaycan milli komandası da yarışa qatılıb. Baş məşqçi Oktay Muxtarovun rəhbərliyi ilə mübarizə aparan 5 kişi və 1 qadın idmançımız qələbə ənənəsini davam etdiriblər. Komandamız dünya çempionatında 2 qızıl və bir gümüş medal qazanıb.
Qadın atletlərimizdən Şahverdi Xatirə W45 yaş qrupunda 63 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Fövqəladə Hallar Nazirliyini təmsil edən ağırlıqqaldıran 4-cü yerə sahib çıxıb.
Kişilərdən körpücük üzərinə əvvəlcə Vladimir Jilyayev ayaq basıb. Təcrübəli veteran çoxsaylı titulları sırasına birini də əlavə edib. “Zirvə” Beynəlxalq İdman Klubunun qocaman atleti M65 yaş qrupunda 94 kq çəki dərəcəsində yarışıb. Jilyayev 195 kq (85+110) nəticə ilə dünya çempionu adına layiq görülüb.
Daha sonra Müsadiq Vaqif medal mübarizəsinə qoşulub. M60 yaş qrupunda 77 kq çəki dərəcəsində çıxış edən “Neftçi İdman Klubu” İB-nin təmsilçisi bütün rəqiblərinə qalib gəlib. Müsadiq toplam 196 kq (88+108) nəticə ilə dünya çempionu adına layiq görülüb.
Tanınmış atletlərimizdən Akif Alıyev də həmkarlarından geri qalmayıb. M55 yaş qrupunda 56 kq çəki dərəcəsində çıxış edən MOİK atleti fəxri kürsünün ikinci pilləsinə qalxıb. Toplam 146 kq (69+77) nəticə göstərən təcrübəli ağırlıqqaldıranımız gümüş medal qazanıb.
Son olaraq “Zirvə” BİK-in idmançısı Teymur Əliquliyev və Namiq Ağayev körpücük üzərinə çıxıblar. Onların hər ikisi M45 yaş qrupunda 85 kq çəki dərəcəsində çıxış ediblər. Namiq Ağayev 209 kq (94+115) nəticə ilə 4-cü, Teymur Əliquliyev isə 196 kq (85+111) nəticə ilə 5-ci yerə layiq görülüb.