Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Beynəlxalq Sülh Gününə həsr olunmuş ikigünlük kampaniyaya start verib.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, kampaniya Beynəlxalq “Peace One Day” təşkilatı və Cənubi Qafqazın ilk xəbər kanalı olan Türkel TV (TTV) ilə birgə həyata keçirilir. Kampaniyanın məqsədi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində regiona sülhün gəlişini təmin etməkdir.
Kampaniya çərçivəsində dövlət qurumlarının nümayəndələri, incəsənət, media nümayəndələri sülhlə bağlı çağırışlar ediblər. Bu çağırışlar Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda dünyanın nəzərinə çatdırılması üçün bir töhfədir. Kampaniya ilə bağlı hazırlanmış videoçarxlar Facebook və Twitter sosial şəbəkələrində yayımlanıb və TTV vasitəsilə efirə verilir.
Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən 7000-ə yaxın təşkilatın üzv olduğu “Peace One Day” şəbəkəsi sülh gününə həsr olunmuş kampaniya çərçivəsində hazırlanan videoçarxları öz Facebook və Twitter səhifələrində paylaşacaq.