Bakı, 22 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq musiqi festivalı çərçivəsində Kamera musiqisi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərindən söhbət açıb.
Tədbirdə "Üzeyir Hacıbəyli təsviri incəsənətdə" adlı slayd-şou, AMMDM-in arxiv materialları əsasında Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Teatr Muzeyi və Rəssamlıq Akademiyasının materialları əsasında hazırlanmış sərgi nümayiş olunub.
Sərgidə dahi bəstəkarın əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Musiqi təsviri incəsənətdə" adı altında rəsm əsərləri və xalça təqdim edilib.
Kamera musiqisinin səslənildiyi konsertin sonunda Xalq Rəssamı Arif Hüseynov rəsm əsərlərini AMMDM-a hədiyyə edib.




